BİZNES

22 Sentyabr

Sankt-Peterburqda “Lada İskra”nın İstehsalına Başlandı – AvtoVAZ Yeni Modeli Yola Salır

Finss.az xəbər verir ki, Rusiyanın “AvtoVAZ” şirkəti Sankt-Peterburqdakı “Avtozavod SPb” müəssisəsində “Lada İskra” modelinin istehsalına rəsmən başlayıb. Bu barədə şirkətin baş direktoru Maksim Sokolov jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, yalnız iki ay ərzində zavod tam istehsalata hazır vəziyyətə gətirilib və artıq “Lada İskra” modelləri konveyerdən çıxmağa başlayıb. İlk mərhələdə avtomobillər Şimal-Qərb Federal Dairəsi və Mərkəzi Federal Dairənin şərq hissəsində satışa çıxarılacaq.

“Bu layihə Sankt-Peterburq üçün harmonik iqtisadi inkişaf baxımından da önəmlidir,” – deyə Sokolov qeyd edib.

O, həmçinin Sankt-Peterburq zavodunda digər avtomobil modellərinin istehsalının mümkünlüyünü də istisna etməyib. “Əgər bazar və yerli avtomobil sənayesi inkişaf edərsə, biz daha da lokallaşma və yeni modellərə keçid edə bilərik. Hazırda bu istiqamətdə inkişaf planlarımız var və bazarın siqnallarını gözləyirik,” – deyə AvtoVAZ rəhbəri əlavə edib.

Qeyd edək ki, “Lada İskra” istehsalının yaradılması ilə bağlı saziş 2025-ci ilin iyun ayında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində imzalanıb.