Finss.az xəbər verir ki, Çin hökuməti NVIDIA tərəfindən süni intellekt üçün xüsusi hazırlanmış RTX Pro 6000D çiplərinin ölkənin aparıcı texnologiya şirkətləri tərəfindən alınmasını rəsmi şəkildə qadağan edib. Qərar, Çin Kiberməkan İdarəsi (CAC) tərəfindən verilib və Alibaba, Tencent, Baidu və ByteDance kimi nəhəng texnologiya şirkətlərinə şamil olunur.
“Financial Times” qəzetinin mənbələrə istinadla verdiyi məlumata görə, qadağa, Çin tənzimləyicilərinin yerli prosessorların performans baxımından NVIDIA alternativlərinə yaxınlaşdığı qənaətinə gəlməsindən sonra tətbiq olunub.
Əvvəllər geosiyasi gərginliklərə görə ABŞ-ın yüksək texnologiyalı AI çipləri üçün ixrac məhdudiyyətləri tətbiq etdiyi, lakin NVIDIA-nın Çin bazarı üçün uyğunlaşdırılmış RTX Pro 6000D fişlərinin hələ də mövcud olduğu qeyd edilirdi. İndi isə bu qapı da rəsmən bağlanıb.
Mənbələr bildirirlər ki, bir sıra Çin şirkətləri bu çiplərin on minlərlə nüsxəsini almağı planlaşdırır, sınaqlara da başlamışdılar. Lakin son göstərişlə, şirkətlər bu istiqamətdəki işlərini dərhal dayandırıb və təchizatçılarla bütün müqavilələri ləğv ediblər.
Bir Çinli texnologiya şirkətinin rəhbəri FT-yə bildirib:
“Mesaj çox aydındır. Əvvəllər geosiyasi vəziyyət düzələrsə, NVIDIA ilə əməkdaşlıq davam etdirilə bilərdi. İndi isə bütün səylər daxili çip istehsalına yönəldilib.”
FT-nin əvvəlki yazılarına görə, Çin hökuməti 2026-cı ilə qədər AI çiplərinin daxili istehsalını üçqat artırmağı planlaşdırır. Məqsəd – xarici texnologiyalara olan asılılığı minimuma endirmək və milli texnoloji müstəqilliyi təmin etməkdir.
Çinli səlahiyyətlilər əmindir ki, daxili təklif yaxın illərdə ölkənin AI texnologiyaları sahəsindəki bütün tələbatını tam ödəmək gücünə malik olacaq.
