BİZNES

18 Sentyabr

BMT 2026-cı il Büdcəsini 15% Azaltmağı Təklif Edib – Xərclərə 500 Milyon Dollardan Çox Qənaət Planlaşdırılır

Finss.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş, üzv dövlətlərə ünvanladığı rəsmi məktubda 2026-cı il üçün büdcənin 2025-ci illə müqayisədə 15% azaldılmasını təklif edib. Bu təklifin əsas məqsədi xərclərin 500 milyon ABŞ dollarından çox azaldılmasıdır.

BMT-nin mətbuat xidmətinin məlumatına görə, büdcə ixtisarları təşkilatın üç əsas funksiyası – sülh və təhlükəsizlik, insan hüquqları və davamlı inkişaf sahələri üzrə resursların balanslı şəkildə yenidən bölgüsünü nəzərdə tutur. Xərclərin optimallaşdırılması çərçivəsində sülhməramlı missiyaların dəstək büdcəsi də azaldıla bilər.

Təklif olunan digər tədbirlərə Nyu-York və Cenevrədəki bəzi funksiyaların daha ucuz regionlara köçürülməsi daxildir. Eyni zamanda, 2027-ci ilə qədər BMT Nyu-Yorkda iki binanın icarəsini dayandırmağı planlaşdırır ki, bu da əlavə qənaət imkanı yaradacaq.

Hazırda bu büdcə təklifləri BMT-nin İnzibati və Büdcə Məsələləri üzrə Məşvərət Komitəsi tərəfindən nəzərdən keçirilir. Komitə öz rəyini Baş Assambleyanın Beşinci Komitəsinə göndərəcək və 193 üzv dövlət tərəfindən 2025-ci ilin sonunadək yekun qərar veriləcək.

Bu təkliflər, BMT-nin maliyyə dayanıqlığını qorumaqla yanaşı, qlobal miqyasda funksiyalarını daha səmərəli və qənaətli şəkildə yerinə yetirməyə yönəlib.