BİZNES

18 Sentyabr

Disney, Universal və Warner Bros. Çin şirkətini müəllif hüquqlarını pozmaqda ittiham etdi

Finss.az xəbər verir ki, Disney, Universal və Warner Bros. Discovery şirkətləri, Çin mənşəli MiniMax süni intellekt şirkətinə qarşı müəllif hüquqlarını pozduğuna görə məhkəmə iddiası qaldırıblar.

İddia Kaliforniya Dairə Məhkəməsinə təqdim olunub. Şirkətlər bildirirlər ki, MiniMax-ın Hailuo AI adlı video və şəkil generasiya aləti Disney-in “Ulduz Döyüşləri”ndən Darth Vader və Universal-ın “Despicable Me” filmindən Minionlar kimi müəllif hüquqları ilə qorunan personajların surətlərini yaratmaq imkanı verir.

Studiyalar iddia edir ki, MiniMax bu personajları “özününkü” kimi təqdim edərək onları tanıtım vasitəsi kimi istifadə edib və qanunla tələb olunan qoruma tədbirlərini görməyib.

İddiaçılar MiniMax-ın Hailuo AI platformasını "cib Hollywood studiyası" kimi təqdim etdiyini və bununla müəllif hüquqlarının aktiv şəkildə pozulmasına şərait yaratdığını bildiriblər.