Finss.az xəbər verir ki, Çinin elektrikli avtomobil istehsalçısı XPeng, Avstriyanın Magna Steyr şirkəti ilə əməkdaşlıq çərçivəsində Avropada ilk elektromobil istehsal xəttini işə salıb.
Yeni istehsal xətti Avstriyanın Qraz şəhərində yerləşən Magna zavodunda qurulub. Artıq XPeng-in G6 və G9 modellərindən ibarət ilk avtomobil partiyası konveyerdən çıxıb. Bu hadisə, Çin şirkətinin Avropa bazarına girməsi və mövqeyini gücləndirməsi baxımından strateji addım hesab olunur.
XPeng-in sədr müavini Qu Hongdi bildirib:
“Magna ilə əməkdaşlıq Avropada uzunmüddətli strateji planımıza uyğun bir addımdır. Bu, qitədəki mövcudluğumuzu genişləndirmək üçün mühüm fürsətdir.”
Eyni zamanda, XPeng Münhen şəhərində Ar-Ge mərkəzi də açıb. Bu mərkəz, yeni model inkişaf etdirməklə yanaşı, Avropa istehsalına uyğun sedan və digər avtomobil növlərinin layihələndirilməsini təmin edəcək.
Analitiklərin fikrincə, istehsalın Avropada lokallaşdırılması XPeng-ə Aİ tərəfindən 2024-cü ildə tətbiq edilən Çin elektromobillərinə qarşı tariflərdən yayınmaq imkanı verəcək. Bu, şirkətə həm xərcləri azaltmaq, həm də Avropa bazarına daha çevik çıxış əldə etmək imkanı yaradır.