Finss.az xəbər verir ki, Moldova Energetika Nazirliyi 2050-ci ilə qədər olan milli enerji strategiyasını açıqlayıb. Strategiyanın əsas hədəfi ölkənin enerji təhlükəsizliyini artırmaq, elektrik enerjisi idxalını iki dəfə azaltmaq və yerli istehsalı bərpa olunan enerji mənbələri hesabına ciddi şəkildə artırmaqdır.
Nazir Dorin Jungietunun sözlərinə görə, hazırda ölkədə elektrik enerjisinin yalnız 30%-i yerli istehsal hesabına təmin olunur. Yeni strategiya bu göstəricini 2050-ci ilə qədər 80%-dən yuxarıya qaldırmağı qarşıya məqsəd qoyur. Bura Rumıniya və Avropa İttifaqı ilə enerji bağlantılarının genişləndirilməsi, 2 min MVt gücündə mübadilə imkanlarının yaradılması, eləcə də qaz və elektrik ehtiyatlarının möhkəmləndirilməsi daxildir.
Plan çərçivəsində Kişinyov və Balti şəhərlərində istilik sistemlərinin yenilənməsi, elektrik nəqliyyat vasitələri üçün infrastrukturun qurulması, elektrik qatarlarının istifadəyə verilməsi və 100 min “ağıllı” sayğacın quraşdırılması nəzərdə tutulur. Həmçinin 2027-ci ilə qədər sosial həssas vətəndaşlar üçün enerji kompensasiyalarının tətbiqi planlaşdırılır.
Bu strategiya Moldova üçün yaşıl enerji keçidində mühüm addım olmaqla yanaşı, ölkənin enerji sahəsində Avropa ilə inteqrasiyasını da sürətləndirəcək.