BİZNES

15 Sentyabr

Fitch Ratings Fransanın kredit reytinqini tarixində ilk dəfə “A+” səviyyəsinə endirdi

Finss.az xəbər verir ki, Fitch Ratings beynəlxalq reytinq agentliyi Fransanın kredit reytinqini “AA-” səviyyəsindən “A+” səviyyəsinə endirib. Bu, Fransa tarixində qeydə alınan ən aşağı suveren reytinq göstəricisidir.

Reytinqin “stabillik” proqnozu saxlanılsa da, agentlik siyasi qeyri-sabitlik və dövlət borcunun artması kimi əsas faktorların ölkənin maliyyə sabitliyinə təhdid yaratdığını bildirib.

Fitch açıqlamasında vurğulayıb ki, büdcə kəsiri ilə bağlı struktur problemlər, vergi və xərclər siyasətində qeyri-müəyyənliklər, eləcə də artan sosial təzyiqlər Fransa iqtisadiyyatında davamlılıq risklərini artırır.

Hazırda digər aparıcı reytinq agentlikləri də Fransa ilə bağlı ehtiyatlı mövqe sərgiləyir:

  • Standard Poor’s (SP): Kredit reytinqi “AA-”, proqnoz isə “mənfi” olaraq qiymətləndirilib.

  • Moody’s: Fransanın kredit reytinqini “Aa3”, proqnozu isə “stabil” səviyyəsində saxlayır.

Fitch-in qərarı qlobal investorlar arasında Fransanın fiskal dayanıqlılığına olan inamın azalması kimi qiymətləndirilir. Bu, həmçinin avrozonada makroiqtisadi qeyri-müəyyənliyi artıran amillərdən biri hesab olunur.