Finss.az xəbər verir ki, ABŞ fond bazarında Dow Jones, SP 500 və Nasdaq indeksləri bütün zamanların ən yüksək səviyyəsinə çataraq cümə axşamı ticarət sessiyasını inamlı artımla yekunlaşdırıb. Bu artımın əsas səbəbi kimi ABŞ-da inflyasiya göstəricilərinin proqnozlara uyğun gəlməsi və Federal Ehtiyat Sisteminin (FRS) sentyabr ayında faiz dərəcələrini endirəcəyi ilə bağlı bazar gözləntilərinin güclənməsi göstərilir.
ABŞ Əmək Departamentinin açıqladığı məlumatlara əsasən, avqust ayında illik inflyasiya 2,9%-ə yüksəlib. Bu, iyulun 2,7%-lik göstəricisindən yüksəkdir və yanvar ayından bəri ən yüksək səviyyədir. Bununla belə, göstərici analitiklərin konsensus proqnozları ilə üst-üstə düşüb.
Aylıq İstehlak Qiymətləri İndeksi (CPI) 0,4% artıb ki, bu da gözlənilən 0,3%-dən yüksəkdir. Əsas CPI (ərzaq və enerjisiz göstərici) isə illik 3,1% və aylıq 0,3% artım göstərib — bu da proqnozlara tam uyğundur.
Bu məlumatlar investorların FRS-in pul-kredit siyasətində yumşalma istiqamətində addım atacağına dair inamını artırıb, nəticədə riskli aktivlərə maraq artıb və indekslər rekord zirvələri yeniləyib.