BİZNES

09 Sentyabr

AİB Azərbaycanda İstilik Təchizatının Dekarbonizasiyası Layihəsinə Start Verdi

Finss.az - Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə Azərbaycanda “İstilik təchizatı

sektorunun dekarbonizasiyası və bərpa olunan mənbələrdən istilik enerjisinin

inteqrasiyasının təşviqi” texniki yardım layihəsinin icrasına başlanılıb. AİB-nin Təmiz

Enerji Fondu və Texniki Yardım Xüsusi Fondu tərəfindən maliyyələşdirilən layihənin

dəyəri 1,1 milyon ABŞ dolları təşkil edir.

Layihənin əsas məqsədi istilik təchizatı sahəsində Milli Strategiyanın və “İstilik

təchizatı haqqında” Qanunun icrasından irəli gələn normativ hüquqi sənədlərin

layihələrinin hazırlanması, istilik sektorunun dekarbonizasiyası, mövcud isitmə

sistemlərinin enerji səmərəliliyinin artırılması, tarif siyasətinin optimallaşdırılması, pilot

layihə vasitəsilə bərpa olunan mənbələrdən istilik enerjisinin inteqrasiyasının təşviqi,

“Azəristiliktəchizat” ASC-nin inkişaf strategiyasının hazırlanmasını əhatə edir.

Texniki yardım layihəsinin icrası məqsədilə məsləhətçinin cəlb edilməsi üçün AİB

tərəfindən aparılmış seçim prosesi avqust ayında yekunlaşıb və “NİRAS” (Danimarka),

"Integration Environment Energy GMBH" (Almaniya) və "ENERGAZER" MMC

(Azərbaycan) şirkətlərindən ibarət birgə müəssisə məsləhətçi kimi seçilib. Layihə

çərçivəsində nəzərdə tutulan xidmətlərin 2027-ci ilin mart ayınadək tamamlanacağı

planlaşdırılır.

Qeyd edək ki, layihənin icrası müddətində müvafiq texniki və təşkilatı dəstəyin

göstərilməsi Energetika Nazirliyi və “Azəristiliktəchizat” ASC tərəfindən həyata

keçiriləcək.