Finss.az - Texniki şərtlər mala (işə, xidmətə), onunla əlaqəli proseslərə (o cümlədən idarəetmə sistemlərinə) və istehsal metodlarına dair texniki tələbləri müəyyənləşdirən, tətbiqi könüllü olan normativ sənəddir. Texniki şərtlər müvafiq sahədə dövlət standartı və ya Azərbaycan Respublikasında birbaşa tətbiq olunan beynəlxalq, regional, dövlətlərarası və xarici dövlət standartları olmadığı təqdirdə və ya təsərrüfat subyekti tərəfindən müəyyən edilmiş yeni texniki həllərin istifadəsini təmin etmək məqsədilə təsərrüfat subyektləri tərəfindən işlənib hazırlanır.
Təsərrüfat subyektləri texniki şərtləri istənilən standartlaşdırma obyektinə dair hazırlaya və qəbul edə bilərlər. Texniki şərtlər müvafiq sahədə mövcud olan texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır. Təsərrüfat subyekti hazırladığı texniki şərtin tələblərinə əməl etməli və istehsal etdiyi standartlaşdırma obyektinin texniki şərtin tələblərinə uyğunluğunu təmin etməlidir.
Texniki Şərtlərin qeydiyyatı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) tərəfindən həyata keçirilir.
Texniki şərtlər AZS 1.3:2023 “Azərbaycan Respublikasının Milli Standartlaşdırma Sistemi. Texniki şərtlərin işlənib hazırlanması, tərtibatı, razılaşdırılması, təsdiqi, qeydiyyatı, yoxlanması, dəyişikliyin edilməsi və ləğvi qaydaları” dövlət standartı əsasında işlənib hazırlanır.
Texniki şərtlərin qeydiyyata alınması üçün aşağıdakı sənədlər tələb edilir:
-
Müraciət məktubu;
-
Texniki şərtin əsli (üç nüsxədə) - razılaşdırılmış və təsdiq edilmiş;
-
Məhsulun kataloq vərəqi;
-
İlk dəfə işlənib hazırlanan texniki şərtlər üçün məhsulun təcrübə nümunəsinin (təcrübə partiyası) qəbul sınağı aktı;
-
Yeyinti məhsullarına dair texniki şərtlər üçün müvafiq qaydada təsdiq olunmuş reseptura;
-
Texnoloji təlimat;
-
Konstruktor sənədləri;
-
Təsərrüfat subyektinin VÖEN-i;
-
Məhsulun texniki pasportu (mövcud olduqda);
-
İşçi cizgiləri (mövcud olduqda).
Texniki şərtlər qəbul edildiyi tarixdən 1 ay müddətində milli standartlaşdırma qurumu olan Azərbaycan Standartlaşdırma İnstitutuna göndərilir. AZSTAND texniki şərtləri daxil olduğu gündən etibarən 15 (on beş) iş günü ərzində ekspertiza edir və qeydiyyata alır.
Xidmət haqqı AZS 887:2020 “Standartlaşdırma sahəsində normativ sənədlərin işlənib hazırlanması, ekspertizası, yenidən baxılması və dəyişikliyin edilməsi üzrə dəyərin qiymətləndirilmə metodikası” dövlət standartına əsasən müəyyən edilir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul ayları ərzində texniki şərtlərin qeydiyyata alınması ilə bağlı ümumilikdə 62 müraciət qeydə alınıb və onlardan 58-i təmin olunub.