BİZNES

08 Sentyabr

Onlayn mağazada uğur qazanmağın əsas yolu yüksək trafikli və etibarlı platformalardır – Sakit Səmədov

Onlayn ticarət sahəsi sürətlə inkişaf edir və uğurlu fəaliyyət göstərmək üçün doğru strategiyaların müəyyən edilməsi vacibdir.

Bu mövzuda biznes eksperti Sakit Səmədov Finss.az-a açıqlamasında bildirib ki, onlayn mağazada uğur qazanmağın əsas yolu yüksək trafikli və etibarlı platformalarda lokal mağazaların mövcudluğudur:

"Yəni, platforma daxilində fəaliyyət göstərən mağazalar xüsusilə önəmlidir. Onlayn ticarət sektora görə fərqlənsə də, hazırda biz əsasən öyrənmə mərhələsindəyik. Bu mərhələdə lokal onlayn mağazaların qlobal platformalarda rəqabət qabiliyyətinə malik olması vacibdir, lakin bu, müəyyən çətinliklərlə müşayiət olunur."

S.Səmədov qeyd edib ki, beynəlxalq platformalar, məsələn, Trendyol və AliExpress onlayn satışda uğur qazanıb və qlobal miqyasda tanınıb:

"Onlarla qiymət, çeşid və miqyas baxımından rəqabət etmək çətindir. Azərbaycanda lokal onlayn mağazacılıq mexanizmi hələ tam inkişaf etməyib, lakin bəzi uğurlu nümunələr mövcuddur, məsələn, Topla.az və Turbo.az. Bununla yanaşı, Umico platformasında stokda olan hazır məhsulların satışı da müəyyən uğur nümayiş etdirir."

Ekspert əlavə edib ki, hələlik onlayn mağazalardan əldə olunan gəlirlər və bonuslar offlayn satışlarla müqayisədə bir qədər məhdud görünə bilər, amma onların gələcək potensialı yüksəkdir:

"Beynəlxalq platformalarda daha böyük uğur üçün isə əsas faktorlar miqyas və bazarın həcmi hesab olunur."

S.Səmədov vurğulayıb ki, lokal onlayn mağazaların uğur qazanması üçün yalnız satışa fokuslanmaq kifayət etmir. Onlar həm də platforma daxilində etibarlı və görünən mağaza mövqeyi yaratmalı, müştəri etimadını qazanmalıdır. Bu, uzunmüddətli perspektivdə Azərbaycan lokal onlayn mağazalarının qlobal platformalarla rəqabət etməsinə imkan verəcək.

Ekspertin fikrincə, yerli sahibkarlar məhsul çeşidini artırmalı, qiymət və xidmət keyfiyyətini beynəlxalq standartlara uyğunlaşdırmalıdır. Düzgün strategiyaların tətbiqi ilə yaxın illərdə Azərbaycan lokal onlayn mağazaları həm daxili, həm də beynəlxalq bazarda rəqabət qabiliyyətini artıracaq.

Fuad Mədətov
Finss.az