Finss.az - AzAK tərəfindən akkreditasiya olunmuş laboratoriyaların təqdim etdiyi kalibrləmə və sınaq nəticələri hazırda ILAC-a tamhüquqlu üzv olan ölkələrdə etibarlı hesab ediləcək və qarşılıqlı tanınan rəsmi sənəd kimi qəbul olunacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (International Laboratory Accreditation Cooperation - ILAC) ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” beynəlxalq standartı üzrə tamhüquqlu üzv qəbul edilib.
ILAC-a tamhüquqlu üzvlük akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumların təqdim etdiyi sənədlərin beynəlxalq səviyyədə tanınmasına, eləcə də ticarət müqavilələrinin bağlanması zamanı texniki maneələrin aradan qaldırılmasına zəmin yaradacaq. Bir sözlə, AzAK tərəfindən akkreditasiya olunmuş laboratoriyaların təqdim etdiyi kalibrləmə və sınaq nəticələri ILAC-a üzv olan bütün ölkələrdə etibarlı və qarşılıqlı tanınan rəsmi sənəd kimi qəbul olunacaq.
Qeyd edək ki, ILAC-a tamhüquqlu üzvlük statusu AzAK-ın 3 avqust 2025-ci il tarixində Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına (APAC) ISO/IEC 17025:2017 standartı əsasında Qarşılıqlı Tanınma Razılaşması (MRA) çərçivəsində tamhüquqlu üzv seçilməsi nəticəsində əldə edilib. Belə ki, APAC-ın Qarşılıqlı Tanınma Razılaşmasına qoşulma statusu AzAK-ın kalibrləmə və sınaq laboratoriyalarının akkreditasiyası sahəsində beynəlxalq tələblərə tam uyğun fəaliyyət göstərdiyini təsdiq edib.
Qeyd: Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı (ILAC) beynəlxalq səviyyədə laboratoriyaların akkreditasiyasını əlaqələndirən və uyğunluğun qiymətləndirilməsi sahəsində etibarlılığı təmin edən əsas təşkilatdır. ILAC digər sahələrlə yanaşı, sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiya nəticələrinin beynəlxalq səviyyədə qarşılıqlı tanınmasını təmin edir.
