Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi Təhlil Şöbəsinin baş məsləhətçisi Rəşad Nəcəfli Çində keçirilən “Bir Kəmər, Bir Yol ölkələri üçün elektron hökumət və rəqəmsal ictimai xidmətlərin idarəetmə bacarıqlarının gücləndirilməsi üzrə beynəlxalq seminar”da iştirak edib.
Təlim proqramı elektron hökumət və rəqəmsal ictimai xidmətlərin idarə edilməsinin tarixi inkişafı, beynəlxalq tendensiyalar, Çində elektron hökumət texnologiyalarının tətbiqi, dövlət siyasətinin prioritet istiqamətləri və müasir texnologiyaların sənaye proseslərinə inteqrasiyası mövzularını əhatə edib. Proqram çərçivəsində təqdimatlar, praktiki sessiyalar və sahəvi səfərlər təşkil olunub.
Təlim müddətində Rəşad Nəcəfli Pekində yerləşən “Zhongdian Jintou Holdings” və Nuoyaxin Kosmik Rabitə Texnologiyaları Mərkəzində rəqəmsal hökumət strategiyaları ilə tanış olub. Bundan əlavə, Şandonq vilayətində yerləşən Lyanzao İdarəetmə Platformasına və Lunan Böyük Data Mərkəzinə, Tengjou şəhərindəki Böyük Data Mərkəzi və Ağıllı İcma layihəsinə, habelə həmin şəhərdə fəaliyyət göstərən Kiçik və Orta Həcmli Dəzgahqayırma Müəssisələrinə və Henan vilayətindəki Sarı Çay Mühəndislik Məsləhətçilik MMC-yə səfərlər təşkil edilib.
Beynəlxalq seminarda ölkəmizi İİTKM-lə yanaşı, Dövlət Gömrük Komitəsi, “Azərbaycan Dəmir Yolları” QSC, ASAN Xidmət, Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Turizm Agentliyinin nümayəndələri təmsil ediblər.

