Suzuki Hindistanda investisiya planı – Yaponiyanın avtomobil nəhəngi Suzuki Motor qarşıdakı 5-6 ildə Hindistana 8 milyard dollar (700 milyard rupi) həcmində sərmayə qoyacaq. Şirkət Hindistan bazarında lider mövqeyini qorumaq üçün istehsal gücünü artırmağı, yeni avtomobil modelləri təqdim etməyi və elektromobil istehsalını genişləndirməyi planlaşdırır.
Suzuki-nin əsas brendi olan Maruti Suzuki ölkədə ən böyük paya sahibdir. Qucarat əyalətində tikilən zavodun illik istehsal gücü 1 milyon avtomobil olacaq və bu müəssisə dünyanın ən iri avtomobil istehsal mərkəzlərindən birinə çevriləcək.
Şirkət burada elektromobillərin kütləvi istehsalına başlayacaq və onları 100 ölkəyə ixrac edəcək. Suzuki-nin tərəfdaşları Denso və Toshiba isə hibrid avtomobillər üçün litium-ion akkumulyator istehsalına start veriblər.
Bu addım Suzuki-nin Hindistanda avtomobil sənayesinə verdiyi önəmin göstəricisi olmaqla yanaşı, həm də ölkənin elektromobil bazarının inkişafına güclü dəstək olacaq.