BİZNES

21 Avqust

Woodside Energy: LNG qiymətlərinin ilin ikinci yarısında artacağı gözlənilir

Finss.az – Avstraliyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) istehsalçısı Woodside Energy ilin ikinci yarısında LNG qiymətlərinin yüksələcəyini proqnozlaşdırır.

Şirkətin baş direktoru Meq O’Nil Bloomberg TV-yə açıqlamasında bildirib ki, hazırda qaz indeksləri ilə əlaqəli LNG qiymətləri neft qiymətlərindən daha yüksəkdir. Onun sözlərinə görə, bu, şirkət üçün mühüm üstünlük yaradır.

“Əsas məhsulumuz olan LNG-nin çoxu neftlə əlaqəli qiymətlərlə satılır, lakin biz LNG-nin təxminən 25%-ni birjalarda qazla indeksləşdirilmiş qiymətlərlə satırıq. Bu, hər MMBtu üçün təxminən 3 dollar daha çox gəlir deməkdir. Yəqin ki, 25% əlavə qazanc əldə edirik və düşünürəm ki, çox sərfəli vəziyyətdəyik”, – deyə O’Nil qeyd edib.

O həmçinin vurğulayıb ki, neftin qiymətləri OPEC+-ın hasilatı artırmaq qərarı və geosiyasi amillər səbəbindən enişdədir, Asiya və Avropada qaz qiymətləri isə “güclü” olaraq qalır.

Mütəxəssislərə görə, LNG bazarında tələb əsasən Asiya ölkələri tərəfindən dəstəklənir və bu, Avstraliyanın ixrac gəlirlərinə müsbət təsir göstərə bilər.