BİZNES

15 Avqust

İİTKM nümayəndələri Qətərin investisiya şirkəti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Enterprise Azerbaijan" portalının təşəbbüsü ilə həyata keçirilən "Startup School 3" layihəsi çərçivəsində "Yaşıl və Rəqəmsal İpək Yolu" (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramında tərəfdaşlıq imkanları müzakirə olunub.

Finss.az xəbər verir ki, görüş Qətərdə fəaliyyət göstərən və müxtəlif sahələr üzrə investisiya layihələrini həyata keçirən “Licorne Gulf Holding” şirkəti nümayəndələri Irina Duisimbekova və Alexandre Katrangi ilə keçirilib. Görüşdə "Enterprise Azerbaijan" portalının nümayəndələri İsa Qasımov və Aydan Hüseynzadə iştirak ediblər. Onlar proqramın məqsədləri, mərhələləri, iştirakçıların seçimi meyarları, innovasiya ekosistemində yaradacağı əlavə dəyər və beynəlxalq bazarlara çıxış imkanları barədə ətraflı təqdimat ediblər.

Müzakirələr zamanı startapların beynəlxalq investisiya mənbələrinə çıxışı, yaşıl texnologiyalar və rəqəmsal həllərin tətbiqi, innovasiya və sahibkarlıq ekosistemlərinin gücləndirilməsi, eləcə də birgə layihələrin icrası və strateji tərəfdaşlıq mexanizmləri əsas istiqamətlər kimi müəyyən edilib.

Görüşün yekununda tərəflər gələcəkdə əməkdaşlıq perspektivlərinin araşdırılması və bu istiqamətdə birgə fəaliyyətlərin həyata keçirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, “Startup School 3” layihəsi innovativ ideyaların inkişafı, startapların beynəlxalq bazarlara inteqrasiyası və dayanıqlı iqtisadi artıma töhfə verəcək layihələrin dəstəklənməsi məqsədini daşıyır.

Fuad Mədətov
Finss.az

Əlavə bax: İlon Maskın "Neuralink" şirkəti neyroçiplərin üç yeni versiyasını hazırlayır