BİZNES

12 Avqust

Estoniya AK-nın dəstəyi ilə müdafiə xərclərini maliyyələşdirmək üçün 3,6 mld. avro kredit götürməyi planlaşdırır

Finss.az - Estoniya Müdafiə Nazirliyi, Avropa Komissiyasının (AK) dəstəyi ilə müdafiə xərclərini maliyyələşdirmək məqsədilə 3,6 milyard avroya qədər kredit götürməyi planlaşdırır. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Departamentinin rəhbəri Janno Luurmeesin verdiyi məlumata görə, kredit üçün ilkin ərizə artıq Avropa Komissiyasına təqdim olunub, lakin proses hələ erkən mərhələdədir.

Kreditin məbləği və ödəmə müddəti hələ dəqiqləşməsə də, 45 ilədək müddətə götürülə biləcəyi gözlənilir. Estoniya Avropa Komissiyasının dəstəyi sayəsində kredit üzrə daha əlverişli faiz dərəcəsi ilə illik milyard avro üçün təxminən 4 milyon avro qənaət etməyi planlaşdırır.

Bu addım Estoniyanın müdafiə potensialını gücləndirmək və regionda təhlükəsizliyi artırmaq məqsədilə atdığı mühüm addımlardan biridir. Avropa Komissiyasının dəstəyi ilə maliyyələşmə Estoniyanın uzunmüddətli müdafiə xərclərini davamlı və effektiv idarə etməsinə imkan yaradacaq.