BİZNES

11 Avqust

“Samsung” şirkəti Texasda iPhone görüntü sensorları istehsal edəcək

Finss.az xəbər verir ki, Cənubi Koreyanın “Samsung Electronics” şirkəti “Apple Inc.” üçün iPhone-larda istifadə olunan rəqəmsal təsvir sensorları istehsal edəcək, Financial Times xəbər verir.

Amerika şirkəti bildirib ki, Samsung-un Texas ştatının Ostin şəhərində yerləşən yarımkeçiricilər istehsalı zavodu ilə "əvvəllər dünyanın heç bir yerində istifadə edilməmiş innovativ çip istehsalı texnologiyasını işə salmaq üçün" əməkdaşlıq edəcək.

Şirkət hansı texnologiyanın tətbiq ediləcəyini dəqiqləşdirməsə də, müqavilənin şərtləri ilə tanış olan mənbələr Koreya şirkətinin gələn il buraxılması gözlənilən iPhone 18 üçün təsvir sensorunu istehsal edəcəyini bildirib.

Bu o deməkdir ki, Tayvan Semiconductor Manufacturing Company ilə müqavilə əsasında görüntü sensorları istehsal edən Yaponiyanın Sony şirkəti bundan sonra Apple-ın yeganə təchizatçısı olmayacaq.

FT qeyd edir ki, Samsung-un Apple ilə müqaviləsi həm də iki texnologiya nəhəngi arasında 2010-cu illərdə patent mübahisələri üzündən münasibətlərində yaranan çatlaqdan sonra barışığa işarə edir.