BİZNES

11 Avqust

İngiltərə Bankı inflyasiya proqnozunu dəyişdi – 2%-lik hədəf 2027-ci ilin ikinci rübünə təxirə salındı

Finss.az - İngiltərə Bankı proqnozlaşdırır: Böyük Britaniyada istehlak qiymətlərinin artım tempi 2027-ci ilin ikinci rübündə 2%-lik hədəf səviyyəsinə qayıdacaq. Əvvəllər bu göstəricinin 2027-ci ilin birinci rübündə əldə olunacağı gözlənilirdi.

Yeni proqnoza əsasən, inflyasiya bu ilin üçüncü rübündə 4%-lik pik həddə çatacaq. Halbuki əvvəlki proqnozda bu rəqəm 3,7% olaraq göstərilmişdi.

Avqust iclasından sonra yayımlanan kommünikedə Mərkəzi Bank 2025-ci ildə ölkə ÜDM artımı proqnozunu may ayında gözlənilən 1%-dən 1,25%-ə yüksəldib. 2026 və 2027-ci illər üzrə iqtisadi artım gözləntiləri isə dəyişməyib – müvafiq olaraq 1,25% və 1,5%.

İngiltərə Bankı həmçinin bildirir ki, işsizlik səviyyəsi 2026-cı ilin ortalarınadək indiki 4,7%-dən tədricən 5%-ə qalxacaq, 2027-ci ildə isə yenidən 4,75%-ə enəcək.

Əmək haqqı artımı isə hazırkı 5%-dən bu ilin sonuna qədər 3,75%-ə düşəcək. Gələn il bu göstəricinin 3,25%, 2027-ci ildə isə 3% olacağı proqnozlaşdırılır.