BİZNES

08 Avqust

“Şahdəniz” yatağının hasilat gücü və pay bölgüsü açıqlanıb

2025-ci ilin birinci yarısında “Şahdəniz” yatağından qaz və kondensatın nəqli ilə bağlı məlumatlar açıqlanıb.

Finss.az-ın bp-yə istinadən verdiyi məlumata görə, bu dövrdə “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından ümumilikdə təxminən 14 milyard standart kubmetr qaz və 2 milyon ton (təqribən 16 milyon barel) kondensat hasil olunub. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə sabit qalıb.

Hasil olunan qaz Azərbaycan (SOCAR), Gürcüstan (GOGC), Türkiyə (BOTAŞ) bazarlarına, həmçinin müxtəlif obyektlər üçün BTC vasitəsilə və Avropa alıcılarına çatdırılıb.

Hazırda “Şahdəniz” yatağının hasilat gücü gündə təxminən 77,2 milyon, ildə isə təxminən 28,2 milyard standart kubmetr qaz təşkil edir.

“Şahdəniz”də iştirak payları aşağıdakı kimidir:

* bp (operator) – 29,99%
* LUKOYL – 19,99%
* TPAO – 19,00%
* Cənub Qaz Dəhlizi – 16,02%
* NİKO – 10,00%
* MVM – 5,00%

Fuad Mədətov
Finss.az