BİZNES

06 Avqust

Azərbaycanlı investorlar Qazaxıstanda 20 milyon dollarlıq müalicə-sağlamlıq kompleksi inşa etdirəcəklər

Azərbaycanlı investorlar Qazaxıstanın cənub-şərqində, Alagöl sahilində beynəlxalq müalicə-sağlamlıq kompleksinin tikintisi layihəsini həyata keçirirlər. Ümumi investisiya həcmi 20 milyon ABŞ dolları təşkil edir.

Finss.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Abay vilayətinin yerli icra hakimiyyəti orqanının mətbuat xidməti məlumat yayıb.

Layihə Qazaxıstanın Abay vilayətinin akimi Berik Uali ilə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel arasında keçirilən görüşdə təqdim olunub.

Görüşdə həmçinin Azərbaycan-Qazaxıstan Biznes Şurasının sədr müavini, Türk İş Adamları Assosiasiyasının İdarə Heyətinin sədri Aslan Kuniyarov, Azərbaycan İnvestisiya Holdinqi və Azərbaycan Biznesin İnkişafı Fondunun nümayəndələri iştirak ediblər.

Məlumata görə, investorlar ilboyu fəaliyyət göstərəcək və 800 nəfərin yerləşə biləcəyi turizm kompleksinin inşasını planlaşdırırlar. Obyekt istismara verildikdə regionda təxminən 200 yeni iş yeri yaradılacaq.

Layihənin məqsədi Alagöl sahilinin turizm cəlbediciliyini artırmaq, yerli büdcəyə vergi daxilolmalarını yüksəltmək və tibb-turizm sahəsində yeni istiqamət yaratmaqdır.

Səfir Alim Bayel görüşdə bildirib ki, Azərbaycan və Qazaxıstan münasibətləri yeni müttəfiqlik səviyyəsinə yüksəlib. O, qeyd edib ki, Qazaxıstan rəhbərliyi iqtisadi əlaqələri gücləndirməyi və birgə layihələri, o cümlədən turizm sahəsində təşəbbüsləri prioritet sayır.

“2024-cü ildə Qazaxıstan və Azərbaycan birgə investisiya fondu yaradıb. Əgər Alagöldəki layihə həyata keçərsə, bu fondun ilk layihələrindən biri olacaq”, – diplomat vurğulayıb.

Abay vilayətinin akimi Berik Uali isə layihənin region üçün böyük əhəmiyyətini qeyd edərək bildirib:

“Qazaxıstan və Azərbaycan qardaş xalqlardır, ortaq tarix və mənəvi dəyərlər bizi birləşdirir. Sizin bölgəmizdə belə genişmiqyaslı turizm kompleksinin yaradılması təşəbbüsünüzə sevinirik. Hazırda Alakol turizm zonasının baş planı hazırlanır. Tikinti üçün torpaq sahəsi ayrılmağa hazırdır və Akimat zəruri dəstəyi göstərəcək”.