2013-cü ildə ilk yük qatarının yola salınmasından bəri Çin–Avropa dəmir yolu xəttinin Orta Dəhliz istiqaməti ilə hərəkət edən qatarların sayı 20 minə çatıb.
Finss.az xəbər verir ki, bu rəqəmi tamamlayan 20 mininci qatar - Daxili Monqolustanda yerləşən Erenhot dəmir yolu limanından yola salınıb. Qatar 55 konteynerdən ibarətdir.
Son illərdə bu dəhliz üzrə yükdaşımaların intensivliyi nəzərəçarpacaq dərəcədə artıb. 2022-ci ildə 10 mininci qatarın keçidi qeydə alınmışdı və ötən üç il ərzində bu say ikiqat artıb. Hal-hazırda Orta Dəhliz vasitəsilə 73 istiqamət üzrə marşrut fəaliyyət göstərir. Bu şəbəkə Çində 24 vilayət üzrə 60-dan çox şəhəri, Avropada isə, o cümlədən Almaniya və Polşa da daxil olmaqla, 10-dan artıq ölkədə 70-dən çox logistika mərkəzini birləşdirir.
İyulun sonunda Çindən Türkiyəyə iki yük qatarının göndərilməsi münasibətilə türk logistika şirkəti “Pasifik Eurasia”nın baş direktoru Fatih Erdoğan açıqlamasında qeyd edib ki, bu marşrut artıq təkcə bir ideya deyil, real şəkildə həyata keçən strateji layihəyə çevrilib. Onun sözlərinə görə, Orta Dəhliz dəniz marşrutları ilə müqayisədə daha qısa yol təqdim etməklə yanaşı, idarəetmə baxımından da əlavə imkanlar yaradır.
Fatih Erdoğan həmçinin bildirib ki, bu marşrut üzrə hərəkət edən qatarlar yalnız konteyner deyil, həm də qarşılıqlı etimad, əməkdaşlıq və birgə inkişaf perspektivlərini daşıyır.
Qeyd edək ki, Orta Dəhliz Çindən başlayaraq Qazaxıstan, Özbəkistan və Türkmənistan vasitəsilə Xəzər dənizini keçərək, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya doğru uzanan mühüm quru nəqliyyat marşrutudur. Bu xətt, Asiya ilə Avropa arasında mövcud olan Şimal və Cənub dəhlizlərinə alternativ olaraq, daha çevik və səmərəli logistik həllər təqdim edir.