BİZNES

01 Avqust

Xarici borcun strukturunda dövlət qurumlarının payı 58,1 faiz təşkil edir - CƏDVƏL

2025-ci il iyulun 1-nə olan vəziyyətə əsasən, Azərbaycanın ümumi xarici dövlət borcu 5,01 milyard ABŞ dolları və ya 8,52 milyard manat təşkil edib.

Finss.az Maliyyə Nazirliyinin məlumatına əsasən xəbər verir ki, bu borcun 41,9 faizi birbaşa dövlət adından çıxış edən Maliyyə Nazirliyinin öhdəlikləri ilə formalaşıb. Nazirliyin payına 2,10 milyard dollar və ya 3,57 milyard manat düşür.

Xarici borcun qurumlar üzrə bölgüsündə ikinci yerdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qərarlaşıb – 918 milyon dollar və ya 1,56 milyard manat. Daha sonra "Azərbaycan Dəmir Yolları" QSC gəlir – qurumun xarici borcu 748,3 milyon dollar və ya 1,27 milyard manat olub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin payına 671,3 milyon dollar, Naxçıvan Muxtar Respublikasının eyni adlı agentliyinə isə 192 milyon dollar borc düşür. Kənd Təsərrüfatı Nazirliyi üzrə borc həcmi 63,5 milyon dollar təşkil edir. Digər icraçı qurumların ümumi borcu 444,4 milyon manat səviyyəsindədir.

Ümumilikdə borcun 58,1 faizi müxtəlif dövlət qurumları tərəfindən həyata keçirilən layihələr və proqramlar üzrə cəlb olunan xarici vəsaitlər hesabına formalaşıb. Bu struktur dövlət zəmanətli layihələrin və sektoral maliyyələşmənin ümumi borc portfelindəki rolunu göstərir.