BİZNES

29 İyul

Azərbaycan Türkiyənin ən iri qaz tədarükçüləri arasında ikinci yerdə qərarlaşıb

2025-ci ilin may ayında Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında ikinci yeri tutub.

Bu barədə Finss.az Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatlarına istinadən xəbər verir ki, hesabat ayı ərzində Türkiyə Azərbaycandan 1,057 milyard kubmetr təbii qaz idxal edib. Bu göstərici 2024-cü ilin may ayı ilə müqayisədə (1,009 milyard kubmetr) 4,8 faiz artıb.

Azərbaycan, aylıq qaz tədarükü baxımından İranı geridə qoyaraq, Rusiya Federasiyasından sonra Türkiyənin ikinci ən böyük boru qazı tədarükçüsünə çevrilib. Belə ki, may ayında Türkiyə İrandan 791,74 milyon kubmetr qaz alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33,4 faiz çoxdur (2024-cü ilin mayında – 593,49 milyon kubmetr).

Rusiya isə əsas təbii qaz tədarükçüsü olaraq qalmaqda davam edir. 2025-ci ilin mayında Türkiyəyə 1,193 milyard kubmetr qaz ixrac edən Rusiya, 2024-cü ilin eyni ayında qeydə alınmış 734,41 milyon kubmetr göstəricini 62,5 faiz üstələyib.

Ümumilikdə, 2025-ci ilin may ayında Türkiyənin təbii qaz idxalı 3,539 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,79 faiz artım deməkdir. Bu idxalın 3,161 milyard kubmetri boru kəmərləri ilə (35,3 faiz artım), 377,81 milyon kubmetri isə maye təbii qaz (LNG) formasında (30,79 faiz azalma) həyata keçirilib.