BİZNES

25 İyul

Azərbaycana xarici maliyyə mənbələrindən yatırılan investisiyalar 31%-ə yaxın artıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda xarici maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 2 milyard 3 milyon manat təşkil edib.

Finss.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricdən cəlb olunan vəsaitlər 470,7 milyon manat və ya 30,7% artıb.

Sektorlar üzrə bölgüyə nəzər saldıqda, xarici investisiyaların 1,403 milyard manatı neft-qaz sektoruna, 600 milyon manatı isə qeyri-neft-qaz sektoruna yönəldilib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk yarısı ilə müqayisədə neft-qaz sahəsində artım 5,8%, qeyri-neft-qaz sahəsində isə 2,6 dəfə çox olub. Bu da Azərbaycanın qeyri-neft sektorunun investisiya baxımından daha cəlbedici hala gəldiyini göstərir.

Bununla belə, ümumi əsas kapitala yönəldilən sərmayələrdə azalma müşahidə olunub. Cari ilin ilk altı ayında iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri üzrə əsas kapitala 8 milyard 73 milyon manat investisiya yatırılıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5% azalma deməkdir.

Neft-qaz sektoruna yönələn ümumi sərmayələr 23,8% azalaraq, bu sahədəki tendensiyanın zəiflədiyini göstərib. Əksinə, qeyri-neft-qaz sektoruna yatırımlar 13,5% artmaqla iqtisadi şaxələnmə siyasətinin davam etdiyini təsdiqləyib.

Əsas kapitala yönələn ümumi vəsaitin strukturuna nəzər salsaq:

  • 50,4% və ya 4,067 milyard manatı məhsul istehsalı sahələrinə,
  • 33,1% və ya 2,672 milyard manatı xidmət sahələrinə,
  • 16,5% və ya 1,333 milyard manatı isə yaşayış evlərinin tikintisinə yönəldilib.

Fuad Mədətov
Finss.az