BİZNES

25 İyul

Azərbaycandan pambıq lifinin ixracı azalıb

2025-ci ilin ilk yarısında Azərbaycandan ixrac olunan pambıq lifinin miqdarı ötən illə müqayisədə azalıb.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, yanvar-iyun aylarında 69,5 min ton pambıq lifi xarici bazarlara göndərilib. Bu ixracdan ölkəyə 100,2 milyon ABŞ dolları valyuta daxil olub.

Halbuki ötən ilin eyni dövründə pambıq lifinin ixrac həcmi 76 min ton, ixracdan əldə edilən gəlir isə 117,6 milyon dollar təşkil etmişdi. Beləliklə, miqdar baxımından 6,5 min ton (8,5%), dəyər baxımından isə 17,4 milyon dollar (14,8%) azalma qeydə alınıb.

Hesabat dövründə pambıq lifinin Azərbaycanın ümumi ixracında payı 0,78%, qeyri-neft sektoru üzrə ixracda payı isə 5,71% olub.

Ümumilikdə isə 2025-ci ilin ilk altı ayında Azərbaycan 24,4 milyard dollar dəyərində xarici ticarət əməliyyatı həyata keçirib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,63 milyard dollar və ya 12,1% çoxdur.

İxrac 12,88 milyard dollar səviyyəsində formalaşsa da, ötən illə müqayisədə 0,2% azalıb. Eyni zamanda, idxal 29,9% artaraq 11,52 milyard dollara çatıb. Beləliklə, xarici ticarətdə 1,36 milyard dollarlıq müsbət saldo qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az