BİZNES

24 İyul

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,5 milyard ABŞ dollarını keçib

Finss.az - 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 2,5 milyard ABŞ dolları təşkil edib.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,2% və ya 352,2 milyon dollar çoxdur. Rusiya Azərbaycanın ümumi ticarət dövriyyəsinin 10,33%-ni təşkil etməklə, ən çox ticarət əməliyyatları aparılan ölkələr arasında 3-cü yerdə qərarlaşıb.

Azərbaycanın Rusiyaya ixracı 6,1% artıb

Hesabat dövründə Azərbaycandan Rusiyaya ixrac 590,5 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 6,1% artım deməkdir. Qeyri-neft məhsullarının ixracı isə 586 milyon dollar səviyyəsində qeydə alınıb ki, bu da 8,2% artımı ifadə edir. Rusiya Azərbaycandan qeyri-neft məhsullarının ən böyük alıcısıdır və ixracda 33,41% paya sahibdir.

Rusiyadan idxal 19,7% artaraq 1,9 milyard dollara çatıb

Eyni zamanda, Rusiyadan Azərbaycana idxal 1,9 milyard ABŞ dolları həcmində olub ki, bu da illik müqayisədə 19,7% artım deməkdir. Rusiya idxalda Azərbaycanın ikinci ən böyük tədarükçüsüdür.

Azərbaycanın xarici ticarət dövriyyəsi 24,4 milyard dollara yüksəlib

2025-ci ilin ilk 6 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 24,4 milyard ABŞ dollarına çatıb və bu, ötən ilin eyni dövrünə nisbətən 12,1% artımı göstərir. İxrac 12,878 milyard dollar, idxal isə 11,522 milyard dollar təşkil edib. İxracda 0,2% azalma müşahidə olunarkən, idxal 29,9% artıb. Nəticədə, müsbət ticarət saldo 1,356 milyard dollar olub ki, bu da əvvəlki illə müqayisədə 3 dəfə azdır.