BİZNES

23 İyul

Böyük Britaniya tənzimləyicisi Deloitte-i Glencore auditi ilə bağlı araşdırmalar aparır

Finss.az xəbər verir ki, Böyük Britaniyanın Maliyyə Hesabatları Şurası (FRC) mədən şirkəti Glencore Plc və onun Böyük Britaniya bölməsi Glencore Energy UK Ltd-nin auditi ilə əlaqədar Deloitte LLP-yə qarşı araşdırmaya başlayıb.

Financial Times xəbər verir ki, araşdırma Glencore ilə bağlı korrupsiya qalmaqalları fonunda aparılır.

Tənzimləyici bildirib ki, araşdırma 2013-cü ildən 2020-ci ilə qədər olan dövrü əhatə edəcək. Şura Deloitte-in auditini apararkən “uyğunluq risklərini adekvat şəkildə nəzərə alıb-almadığını” öyrənmək istəyir.

Glencore 2022-ci ildə ABŞ, Böyük Britaniya və Braziliyada müxtəlif pozuntulara görə günahını etiraf etdi. Elə həmin il şirkət korrupsiya və bazar manipulyasiyası iddialarına görə 1,5 milyard dollar cərimə ödəməyə razı oldu.

Tənzimləyici bundan əvvəl Deloitte-ni 2016-cı ildə Mitie Group Plc-nin auditində yol verdiyi pozuntulara görə 1,45 milyon funt sterlinq (2 milyon dollar) cərimə etmişdi.