BİZNES

22 İyul

TIR kitabçası istifadəçilərinin sayı 30%, daşıyıcıların sayı isə 10% artıb

Hazırda ABADA-ya üzv olan hüquqi və fiziki şəxslərin sayı ötən illə müqayisədə 10% artaraq 174-ə çatıb. Son dövrdə xüsusilə Çin Xalq Respublikasından daşınan yüklərin həcminin artması ilə əlaqədar, BYD (TIR-Carnet) kitabçalarından istifadə edən daşıyıcıların da sayı 30% artıb.

Finss.az xəbər verir ki, bunu 2025-ci ilin ilk 6 ayının yekunlarına həsr olunmuş tədbirdə çıxış edən Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Baş katibi Kənan Qurbanov deyib. O, təşkilatın fəaliyyəti və əldə edilən nəticələrlə bağlı geniş məlumat verib.

K.Qurbanov çıxışında vurğulayıb ki, ABADA beynəlxalq avtomobil daşımalarının inkişafına dəstək göstərmək, “Carnet-TIR” Gömrük Konvensiyasının tələblərini icra etmək və daşıyıcıların hüquqlarını qorumaq istiqamətində 30 ildən artıqdır fəaliyyət göstərir.

Baş katibin sözlərinə görə, 2025-ci ilin ilk yarısında peşəkar sürücülərin və menecerlərin hazırlanması sahəsində də mühüm addımlar atılıb:

  • 159 nəfər sürücü və 41 menecerə Peşəkar Səriştəlik Şəhadətnaməsi (SPS),
  • 215 nəfər sürücüyə isə ADR şəhadətnaməsi verilib.

Hazırda Dövlət İmtahan Mərkəzi ilə birgə imtahan prosesinin sürətləndirilməsi və test suallarının optimallaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.

K.Qurbanov qeyd edib ki, ABADA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, İRU, QDİƏT və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Assosiasiyaları ilə əməkdaşlığı gücləndirib. Dövlət Gömrük Komitəsi ilə birgə keçirilən görüşlərdə sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, e-CMR, e-TIR və NGTS platforması üzərindən T1 sənədlərinin tətbiqi imkanları müzakirə olunur.

ABADA regionda nəqliyyat və logistika sahəsində reallaşdırılan layihələri dəstəkləyir və daşıyıcıların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdirəcək.

Fuad Mədətov
Finss.az