Finss.az - SOCAR-ın Karbamid Zavodu bu günədək 15-dən çox ölkəyə məhsul ixrac edir.
Bu barədə zavodun İstehsalat Şöbəsinin rəisi Şöhrət Mirzəyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ixrac coğrafiyasına əsasən Qara dəniz regionu ölkələri, həmçinin Türkiyə, Gürcüstan, ABŞ, Argentina, Braziliya və Hindistan daxildir:
“Hindistan dünyanın ən böyük gübrə istehsalçılarından biridir, lakin biz onlara da karbamid gübrəsi satırıq”, – deyə Şöhrət Mirzəyev qeyd edib.
Zavodun illik istehsal gücü 650-660 min ton təşkil edir. 2024-cü ilin göstəricisinə əsasən, illik istehsal artıq 652 min tonu keçib. Bu il isə hədəf bu rəqəmi daha da artırmaqdır.
Zavod daxili bazarın tələbatını tam şəkildə ödəməklə yanaşı, istehsalın əsas hissəsini xarici bazarlara yönəldir. Layihə mərhələsində planlaşdırılıb ki, məhsulun 30%-i daxili, 70%-i isə xarici bazar üçün nəzərdə tutulsun. Hazırda isə daxili bazarın təminatı ümumi istehsalın təxminən 20%-ni əhatə edir.