Finss.az - 2025-ci ilin iyun ayında Avropa İttifaqı (Aİ) ölkələrinin boru kəməri ilə təbii qaz idxalı illik müqayisədə 12% azalaraq 11,5 milyard kubmetr təşkil edib.
Bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) məlumatında bildirilib.
Hesabata görə, 2025-ci ilin ilk yarısında Aİ-yə boru kəməri ilə qaz idxalı ümumilikdə 71 milyard kubmetr olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10% azalma deməkdir. Təkcə Əlcəzairdən qaz tədarükü 2% artıb, digər tədarükçülərdən idxal azalıb. İyun ayında Azərbaycan yeganə ölkə olub ki, Aİ-yə qaz ixracını artırıb.
Ölkələr səviyyəsində Almaniyaya qaz idxalı 5% artaraq regionun ümumi idxalının təxminən dörddə birini təşkil edib. Belçikanın idxalı 1% artaraq Aİ-də üçüncü ən böyük idxalçıya çevrilib. İtaliyaya qaz tədarüklərində isə əsasən stabillik müşahidə olunub.
Bundan əlavə, Böyük Britaniyadan Aİ-yə qaz tədarükləri 15% artaraq ilk yarımillikdə 2,5 milyard kubmetr səviyyəsinə çatıb.
Azərbaycan qazı Cənub Qaz Dəhlizinin bir hissəsi olan Transadriatik boru kəməri vasitəsilə Avropaya ixrac olunur. Bu kəmərin ilkin ötürücülük gücü illik 10 milyard kubmetrdir və gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.