Finss.az - 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan xarici ölkələrə 3 min 832 ton neft bitumu ixrac olunub.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Hesabat dövründə ixrac olunan neft bitumunun dəyəri 1 milyon ABŞ dolları təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə cəmi 488 ton neft bitumu ixrac olunmuş və bu əməliyyatlardan cəmi 90 min ABŞ dolları gəlir əldə edilmişdi.
Beləliklə, 2025-ci ilin ilk yarısında neft bitumu ixracı miqdar ifadəsində 7,9 dəfə, dəyər baxımından isə 11,1 dəfə artıb.
Cari ilin ilk altı ayında ixrac edilən neft bitumu Azərbaycanın ümumi ixracında 0,01% paya sahib olub.
Hesabat dövründə ölkədə 115,3 min ton neft bitumu istehsal edilib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,3% və ya 0,3 min ton çoxdur. İyulun 1-nə olan məlumata əsasən, hazır məhsul ehtiyatı 13 min ton təşkil edib.
Qeyd edək ki, yanvar-iyun aylarında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 24,4 milyard ABŞ dollarına bərabər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% artım deməkdir. Ticarət balansında 1,356 milyard dollarlıq müsbət saldo qeydə alınıb ki, bu da illik müqayisədə 3 dəfə azalma deməkdir.