BİZNES

17 İyul

Ölkədə qaz ixracı artıb, idxal isə azalıb

Finss.az - 2025-ci ilin yanvar-may aylarında Azərbaycan ümumilikdə 10,271 milyard kubmetr təbii qaz ixrac edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ixracdan əldə olunan gəlir 3,833 milyard ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac həcmi 3,6% (358 milyon kubmetr), gəliri isə 11,1% (382 milyon dollar) artıb.

Yunanıstana ixrac azalsa da, gəlir artıb
Hesabat dövründə Yunanıstana 362,8 milyon kubmetr qaz ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30 milyon kubmetr və ya 7,6% azalma deməkdir. Lakin gəlir baxımından artım qeydə alınıb – qaz ixracından 202,8 milyon dollar əldə olunub ki, bu da illik müqayisədə 43 milyon dollar və ya 26,9% çoxdur.

Müqayisə üçün: 2024-cü ilin yanvar-may aylarında Yunanıstana 392,8 milyon kubmetr qaz ixrac edilmiş, bu əməliyyatlardan isə 159,8 milyon dollar gəlir əldə olunmuşdu.

Qaz idxalında ciddi azalma
Eyni dövrdə Azərbaycana xaricdən 195,6 milyon kubmetr qaz idxal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 99,2 milyon kubmetr və ya 33,6% azalma deməkdir. İdxalın dəyəri də 31,9% azalaraq 30,1 milyon dollar təşkil edib. Keçən il bu rəqəmlər müvafiq olaraq 294,8 milyon kubmetr və 44,2 milyon dollar idi.

Əsas ixrac və idxal tərəfdaşları
Hesabat dövründə Azərbaycan təbii qazı Rusiya və Türkmənistandan idxal edib. İxrac isə Gürcüstan, Serbiya, Türkiyə, Bolqarıstan, İtaliya və Yunanıstana yönəlib.