BİZNES

15 İyul

“İctimaiyyətlə əlaqələrin əsasları” dərs vəsaitinin təqdimatı keçirilib

Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Bakı Dövlət Universiteti (BDU) ilə birgə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində hazırladığı “İctimaiyyətlə əlaqələrin əsasları” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Mərasimdə İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı, BDU-nun rektoru Elçin Babayev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Hikmət Məmmədov, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli, ABB-nin Marketinq departamentinin direktor müavini, kitabın redaktoru Yedgar Cəfərov çıxış edərək kitabda əhatə olunan mövzuların əhəmiyyətini vurğulayıblar. Tədbirdə dövlət və özəl qurumların ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları, media nümayəndələri, piar mütəxəssisləri, BDU-nun pedaqoji heyəti və tələbələr iştirak ediblər.

 “İctimaiyyətlə əlaqələrin əsasları” dərs vəsaiti bu sahənin nəzəri və praktiki əsaslarını əhatə edən fundamental bir əsərdir. Kitabda ictimaiyyətlə əlaqələrin tarixi inkişafı, nəzəriyyələri və əsas prinsipləri geniş təqdim olunur. Müəlliflər dövlət və özəl sektorda auditoriyalarla münasibətlərin tənzimlənməsi üzrə strategiyaları, plan və proqramları, eləcə də böhran vəziyyətlərinin idarə olunması kimi aktual mövzuları əhatə ediblər. Mətbuatla əməkdaşlıq, sosial media ilə iş,  bu sahədə yaranan yeni təmayüllər, o cümlədən rəqəmsal texnologiyalar və süni intellektin tətbiqinə də kitabda geniş yer verilib. Bu vəsait ali məktəblərdə jurnalistika, kommunikasiya və idarəetmə ixtisasları üzrə təhsil alan tələbələr, həmçinin piar sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi redaktorluğu ilə ərsəyə gəlmiş dərs vəsaitinin müəllifləri Vüqar Zifəroğlu, Aynur Nəsirova, Xatirə Hüseynova, Pərvanə İbrahimova, Vəfa İsgəndərova, Afət Yaqubova, Vəli Əlibəyov, Yedgar Cəfərov, Zənurə Talıbova, Natiq Pənahlıdır. Layihənin koordinatoru  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zənurə Talıbovadır.

“İctimaiyyətlə əlaqələrin əsasları” adlı dərs vəsaitinin rəyçiləri isə BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, Bakı Slavyan Universitetinin  Jurnalistika kafedrasının müdiri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbinin direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Vüsal Kərimlidir.

Təqdimat mərasimindən sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.