BİZNES

15 İyul

Vergi borcuna görə məhkəmə “Okean-SV” rəhbərinə məhdudiyyət qoydu

Finss.az - Gəncə Kommersiya Məhkəməsinin hakimi Gülnaz Quliyevanın çıxardığı qətnaməyə əsasən, “Okean-SV” MMC-nin qanuni təmsilçisi Məmmədov Zakir Rasim oğluna ölkədən çıxış qadağası qoyulub.

Qərarın verilməsinə səbəb şirkətin dövlət büdcəsinə olan 176 883,24 manat həcmində vergi borcunun ödənilməməsi olub. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edərək borc tam ödənilənədək şirkət rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulmasını tələb edib.

Qeyd edək ki, “Okean-SV” MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Məhkəmə iş materiallarından da göründüyü kimi, şirkətin maliyyə öhdəliklərini yerinə yetirməməsi səbəbindən hüquqi prosedurlar aktivləşdirilib.

Hazırda qərarın icrası Dövlət Vergi Xidmətinin nəzarətindədir. Şirkət rəhbərinə tətbiq olunan məhdudiyyət borcun tam şəkildə ödənilməsinədək qüvvədə qalacaq.