Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Avropaya 6,1 milyard kubmetr təbii qaz ixrac olunub.
Finss.az xəbər verir ki, bu barədə məlumatı Energetika Nazirliyi yayıb.
Statistik göstəricilərə əsasən, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 300 milyon kubmetr və ya 4,7% azalma deməkdir. Belə ki, 2024-cü ilin ilk yarısında Avropaya ixrac olunan qazın həcmi 6,4 milyard kubmetr təşkil etmişdi.
Nazirliyin məlumatında qeyd olunur ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkə üzrə ümumi təbii qaz hasilatı 25,2 milyard kubmetr olub. Bu həcmin bölgüsü belədir:
- “Azəri-Çıraq-Günəşli” yatağından – 6,6 milyard kubmetr,
- “Şahdəniz” yatağından – 13,8 milyard kubmetr,
- “Abşeron” yatağından – 0,8 milyard kubmetr,
- SOCAR-ın payına düşən həcmi isə təxminən 4 milyard kubmetr təşkil edib.
Qeyd olunan dövrdə Azərbaycandan ümumilikdə 12,1 milyard kubmetr təbii qaz xarici bazarlara satılıb. Bunun:
- 6,1 milyard kubmetri Avropaya,
- 4,9 milyard kubmetri Türkiyəyə (o cümlədən TANAP xətti ilə 2,9 milyard kubmetr),
- 1,1 milyard kubmetri isə Gürcüstana ixrac olunub.
Bununla yanaşı, Energetika Nazirliyinin yaydığı statistik rəqəmlərə əsasən, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara verildiyi gündən 1 iyul 2025-ci il tarixinədək bu sahələrdən ümumilikdə 660,1 milyon ton neft (kondensatla birlikdə) və 487,1 milyard kubmetr təbii qaz hasil edilib.
Həmin dövr ərzində:
- “Azəri-Çıraq-Günəşli” yatağından 609,5 milyon ton neft və 236,5 milyard kubmetr qaz,
- “Şahdəniz” yatağından isə 50,6 milyon ton kondensat və 250,6 milyard kubmetr qaz çıxarılıb.
Məlumatda bildirilir ki, bu dövr ərzində 658,1 milyon ton neft və 180,2 milyard kubmetr qaz ixraca nəql olunub.
Fuad Mədətov
Finss.az