BİZNES

07 İyul

OPEC+ avqustda neft hasilatını 548 min barel artıracaq

OPEC və qeyri-OPEC ölkələrini birləşdirən OPEC+ alyansı 2025-ci ilin avqust ayı üçün neft hasilatını gündəlik 548 min barel artırmaq barədə razılığa gəlib.

Finss.az xəbər verir ki, bu barədə qərar alyansın son iclasında qəbul edilib. Qərar qlobal iqtisadiyyatın sabit artım proqnozları, bazarın möhkəm fundamental göstəriciləri və neft ehtiyatlarının aşağı səviyyəsi ilə əsaslandırılıb.

Yeni hasilat artımı alyansın səkkiz üzvü – Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Oman, İraq, Qazaxıstan, Əlcəzair və Rusiya tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, OPEC+ bu ildən etibarən hasilatı mərhələli şəkildə artırmağa başlamışdı. May, iyun və iyul aylarında alyans hər ay üçün gündəlik 411 min barel əlavə hasilat həyata keçirmişdi. Avqust üçün planlaşdırılan 548 min barellik artım isə hasilat tempinin daha da sürətləndiyini göstərir.

Ekspertlər bu qərarı OPEC+ ölkələrinin bazar payını qorumaq və qiymət azalmalarına qarşı müqavimət göstərmək cəhdi kimi qiymətləndirirlər. Bununla yanaşı, bəzi iqtisadi müşahidəçilər bu addımı ABŞ Prezidenti Donald Trampın benzinin qiymətinin aşağı salınması ilə bağlı çağırışlarına cavab jesti kimi dəyərləndirirlər.

Hazırda OPEC+ ölkələri dünya üzrə ümumi neft hasilatının təxminən 50 faizini təmin edir. Artan hasilat qərarı, yaxın aylarda neft bazarındakı qiymət dinamikasına birbaşa təsir göstərə bilər.

Fuad Mədətov
Finss.az