Azərbaycanda taxıl biçini kampaniyası artıq yekun mərhələyə qədəm qoyub.
Finss.az Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata əsasən xəbər verir ki, iyulun 4-nə olan operativ vəziyyətə görə, ölkə üzrə taxıl sahələrinin 70,4 faizi biçilib, ümumilikdə 2 milyon 213 min 592 ton məhsul yığılıb. Bunun 996 min 336 tonu buğda, 1 milyon 217 min 227 tonu isə arpadır.
Hazırda 61 rayonda aparılmış payızlıq taxıl əkinlərindən 20 rayonda biçin tam başa çatıb – onlardan 16-sı buğda, 34-ü isə arpa biçinini yekunlaşdırıb.
Orta məhsuldarlıq 33,8 sentner/hektar təşkil edir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 sentner çoxdur. Əlavə olaraq, buğda üzrə məhsuldarlıq 36,7 sentner/ha, arpa üzrə isə 31,8 sentner/ha səviyyəsində qeydə alınıb.
Nazirlik bildirir ki, bu il yüksək məhsuldarlığa düzgün toxum seçimi, aqrotexniki qaydalara riayət, alaq otlarına qarşı effektiv mübarizə, məhsulun itkisiz və vaxtında yığılması, eləcə də kombaynların operativ dislokasiyası səbəb olub.
Hazırda biçin əsasən dağlıq və dağətəyi rayonlarda davam edir. Prosesə 1 344 kombayn cəlb olunub. Onlardan 475-i “Aqroservis” ASC-yə, 869-u isə özəl sektora məxsusdur.
Biçin kampaniyasının optimal müddətdə başa çatacağı gözlənilir.
Fuad Mədətov
Finss.az