BİZNES

04 İyul

İƏT-in əsas üstünlüyü enerji ehtiyatları və nəqliyyat əlaqələridir - Aqil Əsədov

Finss.az - 1985-ci ildə İran, Pakistan və Türkiyənin birgə təşəbbüsü ilə təsis olunmuş İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) hazırda Azərbaycan, Əfqanıstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan da daxil olmaqla 10 ölkəni özündə birləşdirir. Qlobala iqtisadiyyatın 8-9%-ni, dünya əhalisinin 8%-ə yaxınını özündə biləşdirən İƏT-İN SİYASİ MAHİYYƏTİ, NÜFUZU İQTİSADİ GÜCÜNDƏN ÇOX BÖYÜKDÜR - desək yanılmarıq. Bu da ondan irəli gəlir ki, üzv ölkələrin əksəriyyəti mühüm beynəlxalq nəqliyyat layihələrinin iştirakçısıdır, zəngin enerji potensialına malikdir. İƏT-in Xankəndi şəhərində keçirilən 17-ci Zirvə toplantısında prezident İlham Əliyevin də qeyd etdiyi kimi “...Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir”. Başqa sözlə desək, İƏT üzvlərini birləşdirən nəqliyyat layihələri, iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı ticarət-investisiya münasibətlərinin inkişaf etdirilməsi ilə İƏT-in həm də iqtisadi gücünün, iqtisadi nüfuzunun artırılması mümkündür.

Azərbaycan, Türkmənistan, Qazaxıstan və s. üzvlər zəngin enerji ehtiyatlarına, neft-qaz yataqlarına, bərpa olunan enerji mənbələrinə malikdir. Bu gün adıçəkilən ölkələr Avropanın enerji təhlükəsizliyində aparıcı mövqedədir. Azərbaycanın neft-qaz ehtiyatları, digər dost ölkələrin enerji ehtiyatlarının Azərbaycan üzərindən Avropaya çatdırılması imkanları isə xüsusi qeyd edilməlidir. Həm də ona görə ki, İƏT üzvlərinin Avropaya gedən səmərəli və cəlbedici marşrutları Azərbaycan-Gürcütsan-Türkiyə-Avropa xəttindən keçir. Həm enerji ehtiyatları, həm nəqliyyat layihələri, həm də zəngin və çeşidli iqtisadi potensial İƏT üzvləri arasında əlaqələrin daha da sıxlaşdırılmasına imkan yaradır ki, bu da nəticədə İƏT-in gücünü, nüfuzunu artırır.   

Azərbaycan-Özbəkistan hökumətləri arasında imzalanan sənədlər də üzv dövlətlərin iqtisadi perspektivlərini ifadə edir. Bu iki ölkə timsalında yaxın gələcəkdə sənaye, aqrar sahə, ticarət, gömrük prosedurlarında rəqəmsallaşdırma, elm və təhsil, sosial sahə, gəmiçilik və s. istiqamətlərdə əməkdaşlıqlar daha da intensivləşdiriləcək ki, bu da İƏT üzvləri arasında münasibətlərin bir nümunəsi kimi qəbul edilə bilər. Qeyd edildiyi kimi, İƏT üzvləri enerji və nəqliyyat layihələri ilə biri-birinə elə bağlıdır ki, bu birliyin gələcəkdə daha möhkəmləndirilməsi bir zərurətə çevrilib.

Azərbaycan, Türkiyə, Gürcüstan, Türkmənistan, Əfqanıstan dövlətləri Lapis Lazuli nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində razılığa gəliblər. 2017-ci ildə imzalanan müqaviləyə əsasən formalaşan Lapis Lazuli dəhlizi Əfqanıstan - Türkmənistan sərhədinin yaxınlığında yerləşən Aqina (Fəryab əyaləti) və Torqundi (Herat əyaləti) şəhərlərindən başlayır. Bu şəhərlər qonşu Türkmənistanla dəmir yolu əlaqəsinə malik olub Əfqanıstanı Xəzər Dənizi hövzəsi ilə birləşdirəcək əsas şəbəkədir. Türkmənistan ərazisindən dəmir yolu vasitəsilə daşınan yüklərin əvvəlcə Türkmənbaşı limanına, oradan isə Bakı beynəlxalq Ələt limanına daşınması nəzərdə tutulub. Bakı limanından isə Gürcüstan və Türkiyə üzərindən Avropa ölkələrinə daşınması planlaşdırılır. Bu marşrutla Əfqanıstan və Türkmənistan öz mallarının 80%-ni dünya bazarına çıxarmağı planlaşdırır ki, bu da Lapis Lazuli dəhlizi üçün, eləcə də dəhlizin birləşdirdiyi dövlətlərin iqtisadi münasibətləri üçün uzunmüddətli perspektivlər vəd edir. Qeyd edək ki, 2018-ci ildə Torqundi şəhərində yeni dəhlizin açılışı olub, eyni zamanda quru meyvə və ədviyyat yüklü 9 TIR-ın Avropaya yola salınma mərasimi keçirilib.

İƏT üzvlərinin əksəriyyətini birləşdirən daha bir mühüm nəqliyyat dəhlizi Orta dəhlizdir. Transxəzər beynəlxalq nəqliyyat dəhlizi dünyanın istehsal mərkəzi olan Çindən yüklərin Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə üzərindən Avropaya çatdırılmasını təmin edir. İllik buraxıcılıq qabiliyyəti 10 milyon tona yaxın olan Orta dəhliz regionda və dünyada cərəyan edən siyasi proseslər, hərbi münaqişələr səbəbindən ən aktual və cəlbedici istiqamətdir. Nəzərə alsaq ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi Orta Dəhlizin, xüsusilə cənub qolunda yük axınının artmasına səbəb olacaq. Ümumilikdə isə, bu dəmir yolunun tikintisi Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasında da nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına mühüm töhfə verəcək. Qırğızıstandan keçən dəmir yolu marşrutu Çindən Avropaya quru məsafəsini 900 kilometr, çatdırılma müddətini isə tam bir həftə azaldacaq. Çini Avropayla bağlayan bu dəmir yolu Transxəzər dəhlizi üzərində aktivliyi artıracaq ki, bu da tranzit xidmətlərin həcm və miqyasının daha da genişləndirilməsinə kömək etməklə yanaşı, üzv dövlətlər arasında əlaqələrin daha da yaxınlaşmasına öz töhfəsini verəcək.

İƏT üzvlərinin əməkdaşlıq etdiyi mühüm nəqliyyat dəhlizlərindən biri də Şimal-Cənub nəqliyyat dəhlizidir. 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran, Hindistan arasında imzalanmış müqaviləyə əsasən formalaşan Şimal-Cənub nəqliyyat dəhlizi isə İƏT üzvlərindən Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan və Tacikistanı birləşdirir. Bu dəhliz üzrə də əsas marşrut Xəzər üzərindən yüklərin Azərbaycana və daha sonra da Gürcüstan-Türkiyə-Avropa istiqamətidir. 

Beləliklə göründüyü kimi, İƏT üzvlərinin hamısı bu və ya digər nəqliyyat layihələrində birgə fəaliyyət göstərirlər. Nəzərə alsaq ki, qlobal mühitdə rəqabət qabiliyyətliliyin, üstünlüyün əsas istiqamətlərindən birini də əlverişli nəqliyyat-tranzit imkanları təşkil edir, onda İƏT-i bu baxımdan da üstün hesab edə bilərik. Başqa sözlə desək, hansı ölkənin beynəlxalq bazarlara əlverişli çıxışı və geniş əhatəli nəqliyyat-tranzit imkanları varsa, o ölkələr daha sürətlə inkişaf edir, qlobal məkana inteqrasiyasını intensivləşdirir və beynəlxalq tribunada söz sahibi olur. Təbii ki, mövcud potensial imkanlar, əlverişli coğrafi-strateji mövqe və həyata keçirilən siyasət, qəbul edilən qərarlar bir sistemlilik, komplekslilik təşkil etdikdə inkişafın lokomotivinə çevrilir. Bu mənada, Prezident İlham Əliyevin uzaqgörənliklə ardıcıl şəkildə qəbul etdiyi qərarlar, uğurla həyata keçirilən layihə və proqramlar Azərbaycanın əlverişli coğrafi-strateji mövqeyindən irəli gələn potensial imkanları real üstünlüklərə çevirib. Məhz bunun nəticəsidir ki, Avropadan baxanda Asiyanın, Asiyadan baxanda Avropanın başlanğıcı kimi görünən Azərbaycan müasir Avrasiya məkanında mühüm nəqliyyat-tranzit qovşağı kimi aparıcı bir dövlətdir. Zəngəzur dəhlizinin açılması isə bu mövqeyi daha da gücləndirəcək, gücümüzə güc qatacaq.  

Təbii ki, yol-nəqliyyat kompleksinin müasir səviyyədə qurulması, bu sahədə davamlı islahatların aparılması, nəqliyyat qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi kimi məsələlər mühüm nəqliyyat qovşağı kimi Azərbaycanın mövqeyini daha da möhkəmləndirir.

Ən qısa zamanda işğaldan azad edilmiş ərazilərdə 3 beynəlxalq aeroportun inşa edilməsi, nəqliyyatın müxtəlif növlərinin fəaliyyətinin təşkili istiqamətlərdə onlarla layihənin uğurla reallaşdırılması qeyd edilənlərin bariz nümunəsidir.

İƏT-in Xankəndi Zirvəsi hər bir azərbaycanlını, Azərbaycanı sevən hər kəsi nə qədər qürurlandırırsa, müxtəlif ölkələrdən gələn qonaqların Füzuli, Laçın, Zəngilan beynəlxalq aeroportlarında qarşılanması da o qədər sevinc doğurur. Bütün bunlar ölkəmizə nəqliyyat-tranzit xidmətləri baxımından mühüm üstünlüklər yaratmaqla, həm də Azərbaycan dövlətinin nüfuzunu ifadə edir.

Azərbaycan uzaqgörən Prezidenti, müzəffər Ali Baş Komandanı ilə daha bir zirvəni İƏT-in XANKƏNDİ ZİRVƏSİNİ FƏTH ETDİ. Uzun illərdir “şeytan yuvasına” çevrilmiş Xankəndi bu gün yeni binaları, mötəbər qonaqları ilə Türk Birliyinin ünvanı kimi sevinir.