“SOCAR Türkiyə”nin törəmə şirkəti olan “SOCAR Fiber” ilə Türkiyənin aparıcı internet provayderlərindən biri “TurkNet” arasında strateji əməkdaşlıq razılaşması imzalanıb.
Finss.az xəbər verir ki, bu barədə məlumat “SOCAR Türkiyə”nin rəsmi sosial şəbəkə hesabında paylaşılıb.
Əməkdaşlıq çərçivəsində TANAP (Trans-Anadolu Təbii Qaz Boru Kəməri) boyunca uzanan 1850 kilometrlik “SOCAR Fiber” ekspres marşrutu “TurkNet”in magistral şəbəkəsinə inteqrasiya olunacaq. Bu xətt Gürcüstan sərhədindən başlayaraq Yunanıstan sərhədinədək uzanır və Bursa, Eskişehir, Ankara, Sivas, Erzurum və Qars şəhərlərinin yaxınlığından keçməklə yüksək sürətli, aşağı gecikməli və fasiləsiz internet bağlantısı təqdim edəcək.
Qeyd edək ki, 2013-cü ildə yaradılan “SOCAR Fiber” TANAP qaz kəmərinin yanında yerləşir və hazırda 20 şəhər və 67 rayonu əhatə edən geniş şəbəkə üzrə xidmət göstərir.
Fuad Mədətov
Finss.az