BİZNES

30 İyun

“Ümid” yatağının ikinci mərhələsinin işlənməsinə 2027-yə qədər başlanacaq – “Fitch”dən proqnoz

Finss.az - Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Ümid" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinin 2027-ci ilə qədər başlanacağı gözlənilir.

Bu barədə beynəlxalq reytinq agentliyi “Fitch Ratings” öz son hesabatında məlumat verib. Hesabata əsasən, "Ümid" yatağı 2030-cu ilə qədər Azərbaycana ildə 8 milyard kubmetr əlavə qaz hasilatı təmin edəcək əsas yataqlardan biri hesab olunur.

“2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcək. Yəni, bu gün buraya sərmayə qoymuş investorlar hasilatın həcmini artıracaqlar. Həmçinin imzalanmış yeni sazişlər və nəzərdə tutulan müqavilələr həmin potensialı təmin edəcəkdir”, – Azərbaycan Prezidenti İlham Əliyev “Baku Energy Forum 2025” çərçivəsində bildirib.

“Fitch” agentliyi qeyd edir ki, ölkədə təbii qaz hasilatının 2025-ci ildə 50,3 milyard kubmetrə çatacağı gözlənilir. Bu artım əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında dərin qaz layihəsinin işə düşməsi hesabına baş verəcək. Lakin 2026-cı ildə bu rəqəmin bir qədər azalaraq 49 milyard kubmetr təşkil edəcəyi proqnozlaşdırılır.

Aprelin 1-nə olan rəsmi statistikaya əsasən, “Ümid” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində 11,2 milyard kubmetr qaz1,65 milyon ton kondensat hasil olunub.

Qeyd edək ki, “Ümid” yatağı 2010-cu ilin 24 noyabrında kəşf edilib və bu yataq Azərbaycanın müstəqillik dövründə aşkarlanmış ilk qaz-kondensat yatağıdır. İstismara 2012-ci ildə verilib. İlkin hesablamalara görə, yatağın ehtiyatları 200 milyard kubmetr qaz40 milyon ton kondensat təşkil edir.