Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Böyük Britaniyada yerləşən “Global Business Outlook” nəşriyyatının təşkil etdiyi “Global Business Outlook Awards 2025” beynəlxalq müsabiqəsində “Government Services” nominasiyası üzrə ali mükafata layiq görülüb.
Mərkəzə “Ən innovativ monitorinq və qiymətləndirmə təşəbbüsü – Böyük Qayıdış – Azərbaycan 2025” (Most Innovative Monitoring and Evaluation Initiative – Great Return – Azerbaijan 2025) adlı nüfuzlu mükafat təqdim olunub.
Mükafatın təqdim edilməsində əsas meyar kimi Mərkəzin Nazirlər Kabinetinin tapşırığına əsasən “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının monitorinqi və qiymətləndirilməsi məqsədilə rəqəmsal platforma yaratması, bu çərçivədə layihə idarəetməsi, data analitikası, coğrafi informasiya sistemləri, videomüşahidə və süni intellekt texnologiyalarından səmərəli istifadə etməsi qeyd olunub.
Bu beynəlxalq mükafat Mərkəzin rəqəmsal dövlət idarəçiliyi və monitorinq sahəsində qabaqcıl yanaşmalar tətbiq etməklə nümunəvi idarəetmə modeli formalaşdırdığını bir daha sübut edir.
Belə ki, Mərkəz tərəfindən:
- Coğrafi İnformasiya Sistemləri (CİS) və videomüşahidə texnologiyaları vasitəsilə real vaxtda məlumatların izlənməsi təmin edilib,
- Risklərin erkən mərhələdə qiymətləndirilməsi və dəyərə əsaslanan idarəetmə modelləri (CPI – Xərclərin Performans İndeksi, SPI – İcra Performans İndeksi) tətbiq olunub,
- İctimaiyyətlə operativ əlaqənin qurulması üçün süni intellekt əsaslı çatbot texnologiyasından istifadə edilib,
- Həmçinin, OECD/DAC standartlarına uyğun çoxsəviyyəli və şəffaf performans monitorinq sistemi hazırlanıb.
“Global Business Outlook Awards 2025” müsabiqəsinin “Texnologiya” kateqoriyasında İİTKM-lə yanaşı bir sıra nüfuzlu milli və regional şirkətlər də qalib elan olunub.
Bu uğur Mərkəzin texnoloji innovasiya sahəsində qabaqcıl mövqeyini və beynəlxalq səviyyədə rəqabətə davamlı institut statusunu bir daha təsdiq edir.
Azərbaycanın dövlət texnologiyaları (GovTech) sahəsində əldə etdiyi bu ali beynəlxalq mükafat Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların, o cümlədən proqraməsaslı idarəetmə və nəticəəsaslı büdcələşmə sahəsindəki uğurlu strategiyasının beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsidir.
Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə formalaşan iqtisadi islahatların idarə edilməsi modeli qlobal miqyasda dövlət idarəçiliyi üçün uğurlu bir nümunə kimi qəbul olunur.
Mənbə: //globalbusinessoutlook.com/award-winners-2025-government-services/
