BİZNES

21 phrase_var_core.june

Özbəkistanın kimyəvi məhsullar üzrə illik ixracı 500 milyon ABŞ dollarını ötür

Finss.az - Bakıda keçirilən Azərbaycan–Özbəkistan Regionlararası Forumunda çıxış edən “Uzkimyosanoat” SC-nin İdarə Heyətinin sədri Yevgeni Korjikov bildirib ki, Özbəkistanın kimyəvi məhsullar üzrə illik ixracı 500 milyon ABŞ dollarını ötür.

Onun sözlərinə görə, ölkə xammal ixracından tədricən imtina edərək qazın dərin emalına üstünlük verir. Hazırda bu göstərici 20 % təşkil etsə də, strateji hədəf 2030-cu ilə qədər dərin emal səviyyəsini 35–40 %-ə çatdırmaqdır.

Korjikov qeyd edib ki, bu yanaşma polimerlər, sintetik qətranlar, kimyəvi reagentlər və gübrələr şəklində ixracın artmasına şərait yaradacaq:

“Hazırda kimyəvi məhsullar ixracının təxminən 60 %-ni gübrələr təşkil edir. Məqsədimiz dərin emal məhsullarının ümumi kimyəvi ixracda payını 70 %-ə çatdırmaqdır. Eyni zamanda, gübrə istehsalının həcmini qoruyub saxlamağı planlaşdırırıq”.

O əlavə edib ki, bu hədəflərə çatmaq üçün yalnız sənaye layihələri deyil, həm də elmi əməkdaşlıqlara əsaslanan təşəbbüslər həyata keçirilir. Bu çərçivədə Daşkənd yaxınlığında Koreya şirkətləri ilə birlikdə kimya texnologiyaları üzrə elmi-tədqiqat mərkəzi yaradılır.