BİZNES

21 phrase_var_core.june

Azərbaycanla Aİ ölkələri arasında ticarət dövriyyəsi 27,5% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 9 milyard 55 milyon 999 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,5 % çoxdur.

Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə Azərbaycanın Aİ ölkələrinə ixracı 21,5 % artaraq 7 milyard 838 milyon 195 min dollar, Aİ-dən idxalı isə 16,8 % artaraq 1 milyard 217 milyon 804 min dollar olub. Beləliklə, Aİ ölkələri Azərbaycanın ümumi ixracının 71,2 %-ni, idxalının isə 12,2 %-ni təşkil edib.

Hesabat dövründə Azərbaycanın ən böyük ticarət tərəfdaşları İtaliya, Almaniya, Yunanıstan, Çexiya və İspaniya olub. İtaliya ilə ticarət dövriyyəsi 21,1 % artaraq 5 milyard 338 milyon 758 min dollar səviyyəsinə çatıb. Bu ölkəyə ixrac 5 milyard 126 milyon 165 min dollar, idxal isə 212 milyon 593 min dollar təşkil edib.

Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 680 milyon 441 min dollar olub. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 % artıb. İxrac 6 % azalsa da, idxal 20,8 % artaraq 387 milyon 795 min dollar təşkil edib.

Yunanıstanla ticarət dövriyyəsi 8,3 % artaraq 357 milyon 770 min dollar olub. Bu ölkəyə ixrac 334 milyon 256 min dollar, idxal isə 23 milyon 514 min dollar təşkil edib.

Çexiya ilə ticarət əlaqələrində isə geriləmə müşahidə edilib. Dövriyyə 9,5 % azalaraq 336 milyon 26 min dollar olub. İxrac 12,5 % azalaraq 305 milyon 728 min dollar, idxal isə 37,2 % artaraq 30 milyon 298 min dollar təşkil edib.

İspaniya ilə ticarət dövriyyəsi 102 milyon 876 min dollar olub. Bu göstərici 2,6 % azalıb. İxrac 9,2 dəfə azalaraq 5 milyon 372 min dollara enib, idxal isə 73,3 % artaraq 97 milyon 504 min dollar olub.

Fuad Mədətov
Finss.az