BİZNES

12 İyun

“Halal iqtisadiyyat” adlı dərs vəsaiti nəşr olunub

Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə birgə hazırladığı “Halal iqtisadiyyat” adlı dərs vəsaiti nəşr olunub.

“Halal iqtisadiyyat” kitabı müxtəlif dövlət qurumlarından, ali təhsil və elmi tədqiqat institutlarından, ümumilikdə, 11 alim və mütəxəssisin cəlb edilməsi ilə hazırlanıb. 8 fəsildən ibarət kitabda halal iqtisadiyyata dair şəriət tələbləri, halal qida, halal idarəetmənin etik məsələləri, ticarət əqdlərində halallıq prinsipləri, halal turizm, qlobal halal ticarət dinamikası və bununla bağlı çağırışlar, Azərbaycanda halal iqtisadiyyatın sahibkarlığın inkişafına təsir perspektivləri və s. kimi məsələlər ətraflı təhlil edilir, bu istiqamətdə qarşıda dayanan vəzifələr göstərilir.

İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi redaktorluğu ilə ərsəyə gəlmiş dərs vəsaitinin redaksiya heyəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Qoşqar Təhməzli, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev və Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovdan ibarətdir.

“Halal iqtisadiyyat” kitabının rəyçiləri UNEC Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov, “İqtisadi Resursların öyrənilməsi” İctimai Birliyinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev, KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin direktor müavini Anar Yusufzadədir.

Kitabda fəsillər Vüsal Əmirxanov (AQTA), Əhməd Niyazov (Aİİ), Şəfa Quliyeva (UNEC), Nigar Ələsgərova (İETİ), Vüsalə Cəfərova (İİTKM), Azər Orucov (ADTA), Eldəniz Əmirov (KOBİA), Fərid Vəlizadə və İlhamə Abdullayeva (ASK) tərəfindən yazılıb. Layihənin koordinatoru isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədovdur.

Məlumdur ki, İslam iqtisadiyyatı qlobal iqtisadiyyat sistemində sabit reallığa çevrilib və ümumi həcmi 2 trilyon dollardan da çoxdur. Bu həcmdə Avropanın payı təxminən 70 milyard avro təşkil edir və əsasən qida istehsalı sektorunu əhatə edir. Digər artım seqmentlərinə kosmetika və əczaçılıq, həyat tərzi və geyim, maliyyə və turizm kimi xidmətlər daxildir. Hazırda, dünyada yalnız halal qida dövriyyəsi 661,6 milyard ABŞ dolları dəyərində qiymətləndirilir ki, bu da kifayət qədər irihəcmli və cəlbedici bazardır. O cümlədən, ümumilikdə qlobal halal iqtisadiyyatın həcmi 2020-ci ildəki 2,30 trilyon dollardan 2030-cu ilə qədər 4,96 trilyon dollara çatacaq.

Bütün bunlar “Halal iqtisadiyyat”ın nəzəri əsaslarının öyrənilməsini, halal iqtisadiyyata dair beynəlxalq təcrübənin araşdırılmasını, bu sahədə mövcud olan imkanların tədqiqini zəruri edir. Dünyanın bütün ölkələrinə sülh və dostluq münasibətləri sərgiləyən Azərbaycan Respublikası müsəlman dünyası ilə də bir çox platformalarda çox yaxın münasibətdədir və əməkdaşlıq edir. Bu isə o deməkdir ki, “Halal iqtisadiyyat” həm də gələcəkdə ixrac mənbəyi ola bilər. Ona görə ölkəmizdə halal iqtisadiyyatın nəzəri əsaslarının öyrənilməsi, bu sahəyə yaxından bələd olan mütəxəssislərin yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. Ümid edirik ki, bu istiqamətdə ilk fundamental əsər olan “Halal iqtisadiyyat” kitabı, bir dərs vəsaiti kimi, zəngin və çevik bələdçi olacaqdır.

Kitabla tanış olmaq üçün linkə daxil olun: //ereforms.gov.az/az/publications/33

Zemfira Ms
Finss.az