Finss.az - Azərbaycanda indiyədək 106.520 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, yeni nəsil NKA-ların tətbiqi hesablaşmaların daha şəffaf aparılmasına, malların qeyri-qanuni dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə effektiv nəzarətin təmininə şərait yaradıb.
2025-ci ilin yanvar-may aylarında bu cihazlar vasitəsilə qeydə alınan ticarət dövriyyəsi 10 milyard 499 milyon 316,8 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz və ya 1 milyard manatdan çox artım deməkdir.
Yeni nəsil NKA-lar vergi inzibatçılığının rəqəmsallaşdırılması istiqamətində atılan mühüm addımlardan biridir. Bu texnologiya sayəsində həm sahibkarlıq subyektləri, həm də dövlət orqanları real vaxt rejimində əməliyyatları izləyə bilir ki, bu da kölgə iqtisadiyyatının azaldılmasına mühüm töhfə verir.