BİZNES

05 İyun

“Abşeron” yatağının ikinci mərhələsində hasilat 2028-ci ilin sonunda başlayacaq – SOCAR rəsmisi

“Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilatın 2028-ci ilin sonu – 2029-cu ilin əvvəllərində başlanması planlaşdırılır.

Finss.az xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Bakı Enerji Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.

V.Bəylərbəyov qeyd edib ki, SOCAR, TotalEnergies və ADNOC tərəfindən birgə icra edilən layihə hazırda 2025-ci ildə yekun investisiya qərarının (FID) qəbuluna doğru irəliləyir. Bu qərar əsasında illik azı 4,5 milyard kubmetr qaz hasilatına nail olunması hədəflənir.

“Layihənin işə düşmə müddətləri SOCAR-ın həyata keçirdiyi “Şahdəniz Kompressiya” layihəsinin üçüncü mərhələsinin işə salınması ilə təxminən üst-üstə düşür. Bu da regional enerji balansında strateji sinxronlaşdırma baxımından əhəmiyyətlidir”, – deyə o bildirib.

“Abşeron” layihəsinin ikinci mərhələsində gündəlik 110 min barrelə qədər neft ekvivalentində hasilat planlaşdırılır. Bunun 35 min barreli kondensat, qalan hissəsi isə təbii qaz olacaq. Bu mərhələdə üç və ya daha çox əlavə dərin dəniz quyusunun istismara verilməsi gözlənilir.

V.Bəylərbəyov əlavə edib ki, “Şahdəniz Kompressiya” layihəsinin üçüncü mərhələsi də illik 4 milyard kubmetrdən artıq qaz hasilatına imkan verəcək. Layihə tam potensialla işə başladıqdan sonra “Şahdəniz” yatağında ümumi hasilat həcmi 50 milyard kubmetrə çatacaq.

Qeyd edək ki, “Abşeron” yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 100 km cənub-şərqdə, “Şahdəniz” yatağından isə 25 km şimal-şərqdə yerləşir. Layihənin operatorları aşağıdakı kimi pay bölgüsünə malikdir:

  • TotalEnergies – 35%
  • SOCAR – 35%
  • ADNOC – 30%

“Abşeron” yatağında qaz və kondensat hasilatına 2023-cü ilin iyulunda başlanılıb.