BİZNES

04 İyun

Aytən Hacıyeva: “BP qərarları süni intellektə həvalə etməyə hazır deyil”

Finss.az - BP şirkəti artıq öz fəaliyyətində süni intellektin müxtəlif formalarından fəal şəkildə istifadə edir.

“Report” xəbər verir ki, bu barədə BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə Gürcüstan nümayəndəliyinin vitse-prezidenti Aytən Hacıyeva-Ağalarova 30-cu Bakı Enerji Forumu çərçivəsində bildirib.

"Biz süni intellektdən geniş istifadə edirik, lakin başa düşmək vacibdir ki, bu anlayışın arxasında texnologiyaların bütün spektri dayanır", - o qeyd edib.

A.Hacıyevanın sözlərinə görə, BP avadanlığa proqnozlaşdırıcı texniki xidmət üçün maşın öyrənməsindən, sənəd dövriyyəsinin optimallaşdırılması və hesabatların hazırlanması üçün isə böyük dil modellərindən (LLM) istifadə edir. Həmçinin dronlar, robottexnika və vizual süni intellekt sistemləri tətbiq olunur.

"Bu alətlər rutin prosesləri avtomatlaşdırmağa və səmərəliliyi artırmağa imkan versə də, hələlik qərar qəbuletmə hüququnun süni intellektə ötürülməsinə hazır deyil. Bu, artıq növbəti, daha mürəkkəb mərhələdir", - o vurğulayıb.

BP nümayəndəsi qeyd edib ki, qərar qəbuletməni süni intellektə həvalə etmək ideyası xüsusilə energetika kimi yüksək risk səviyyəli sahələr üçün həssasdır.

"Bəli, bu, demək olar ki, radikal səslənir - xüsusilə yüksək təhlükəli istehsal kontekstində. Məhz buna görə də indiki mərhələdə biz bu cür texnologiyaların artıq təhlükəsiz tətbiqə hazır olduğunu iddia edə bilmərik", - A.Hacıyeva izah edib.

O əlavə edib ki, BP avtomatlaşdırma yolunu davam etdirir və süni intellektin potensialını fəal şəkildə öyrənir, lakin avtonom qərar qəbuletmə məsələsi dərin araşdırma tələb edir.

"Buna yanaşmamız açıq və məsuliyyətlidir. Bizim üçün süni intellektin idarəetmə proseslərinə necə təhlükəsiz inteqrasiya oluna biləcəyini başa düşmək vacibdir", - nümayəndəliyin vitse-prezidenti bildirib.