BİZNES

29 May

“Xaçmaz Aqropark” MMC fəaliyyətinə xitam verərək “Yalama Aqropark” MMC-yə qoşuldu

Finss.az – “Xaçmaz Aqropark” MMC-nin fəaliyyətinə xitam verilərək, hüquqi varlığı “Yalama Aqropark” MMC-yə birləşdirilib.

Bu barədə “Xaçmaz Aqropark” MMC-nin rəsmi bildirişinə istinadən xəbər verilir.

Məlumata görə, “Yalama Aqropark” MMC “Xaçmaz Aqropark” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunub. Bu inteqrasiya yerli aqroparkların birgə fəaliyyəti və resursların daha səmərəli idarə olunması məqsədilə həyata keçirilib.

2021-ci ildə dövlət qeydiyyatına alınan “Xaçmaz Aqropark” MMC-nin nizamnamə kapitalı 3 milyon 504 min 814 manat təşkil edib. MMC-nin qanuni təmsilçisi Rauf Mailov, hüquqi ünvanı isə Xaçmaz rayonu, Sayad kəndidir.

Digər tərəfdən, 2013-cü ildə təsis olunmuş “Yalama Aqropark” MMC-nin nizamnamə kapitalı 27 milyon 193 min 185 manatdır. Bu şirkətin qanuni təmsilçisi də Rauf Mailov olub və hüquqi ünvanı Xaçmaz rayonu, Yalama kəndində yerləşir.

Birlikdə fəaliyyət göstərən aqroparkların bu addımı regionda kənd təsərrüfatı sahəsində investisiyaların artırılması və məhsuldarlığın yüksəldilməsi baxımından önəmli hesab olunur.