BİZNES

28 May

Qarabağ iqtisadi rayonunda ən çox iş yeri Xankəndidə açılıb

2025-ci ilin yanvar-aprel aylarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 656 yeni iş yeri açılıb.

Finss.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə Qarabağda 515, Şərqi Zəngəzurda isə 141 yeni iş yeri yaradılıb. Qarabağ iqtisadi rayonu üzrə ən çox yeni iş yeri Xankəndidə (283), Şərqi Zəngəzurda isə Cəbrayılda (31) qeydiyyata alınıb.

Ümumilikdə 2025-ci ilin ilk rübündə ölkə üzrə 23 386 yeni iş yeri yaradılıb. Bu iş yerlərinin 90,6 faizi qeyri-dövlət sektorunda formalaşıb. Yeni açılmış iş yerlərinin 74,4 faizi Bakı şəhərində, 0,9 faizi Naxçıvan Muxtar Respublikasında, 24,7 faizi isə digər regionların payına düşüb. Regionlar üzrə pay bölgüsü belədir:

  • Abşeron-Xızı – 11,4%,
  • Quba-Xaçmaz – 2,4%,
  • Qarabağ – 2,2%,
  • Lənkəran-Astara – 1,7%,
  • Gəncə-Daşkəsən – 1,5%,
  • Şəki-Zaqatala – 1,3%,
  • Şirvan-Salyan – 1,1%,
  • Mil-Muğan – 0,7%,
  • Dağlıq Şirvan, Qazax-Tovuz, Mərkəzi Aran və Şərqi Zəngəzur – hər biri 0,6%.

Bununla yanaşı, 2025-ci ilin birinci rübündə ölkədə 2 700 iş yeri bağlanıb. Bağlanan iş yerlərinin 48,4 faizi qeyri-dövlət sektoruna aiddir. Ləğv edilən iş yerlərinin 20,1 faizi müəssisə və təşkilatların fəaliyyətini dayandırması, 79,9 faizi isə fəaliyyət göstərən qurumlarda aparılan ixtisarlarla bağlı olub.

Fuad Mədətov
Finss.az